18 - 28 sentyabr 2013-cü il tarixində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş V Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Artıq ənənə halını almış bu möhtəşəm festivalın açılışı 5-ci ildir ki, 18 sentyabr "Musiqi Günü"nə təsadüf edir. Dünyanın müxtəlif yerlərinidən gəlmiş builki festivalda Rusiya, Türkiyə, Almaniya, Fransa, ABŞ, Slovakiya və Litvadan tanınmış dirijor və solistlər, gənc, istedadlı ifaçılar, musiqi kollektivləri - Münhen Yeni Filarmonik Orkestri, BoqdanVarxal adına Slovakiya Dövlət Kamera Orkestri, "Romantik" kvarteti, "Utopik" kvarteti, Peter Rundel, Bricit Pinter, Vilija Poskute və Tomas Daukantas, Svetlana Berejnaya, V.Vorona-Viktoriya Çenskaya, Teymuraz Ququşvili, Petry Rakovitse,Varvara Nepomnyaşaya, AŞU, Nikita Volov və Daniel Tağıyev iştirak edəcəklər.
Belə maraqlı və əlamətdar görüşlərdən biri də sentyabrın 26-da saat 19.00-da Bakının Kamera və Orqan musiqisi zalında Fransanın məşhur "Utopik" ansamblı ilə baş tutacaq. Bu ansambl öz fəaliyyətini XX əsrin şah əsərlərinin təbliği üzərində qurur. Onun repertuarında Fransanın görkəmli bəstəkarlarının - K.Debüssi, M.Ravel, P.Bulez, J.Grizinin əsərləri yer tutur.
Sevindirici haldır ki, "Utopik" ansamblının repertuarında bizim dünyada tanınmış bəstəkarımız, Azərbaycanın xalq artisti, YUNESKO-nun "Sülh artisti" Firəngiz Əlizadənin əsərləri də vardır. Bakıda təqdim olunan konsert proqramında musiqidə inpressionizmin banisi - Klod Debüssinin Violonçel üçün sonatası ilə yanaşı Firəngiz Əlizadənin üç əsəri səsləndiriləcək. Xüsusi vurğulayaq ki, ilk dəfə olaraq bəstəkarın vətənində onun 1993-cü ildə XX əsrin məşhur yapon şairi İsikava Takubokonun şeirlərinə qələmə aldığı "Yapon poeziyasından" vokal silsiləsi təqdim olunacaq. Bundan başqa görkəmli Azərbaycan şairəsi Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş "Üç akvarel" vokal silsiləsi, habelə Firəngiz Əlizadə yaradıcılığının vizit vərəqəsinə çevrilmiş məşhur "Habilsayağı" əsəri də fransalı musiqiçilərin təfsirində dinləyicilərin diqqətinə çatdırılacaq.
Qeyd edək ki, festivalda Azərbaycanın aparıcı kollektivləri və musiqiçiləri ilə yanaşı, gənc nəslin istedadlı nümayəndələri də iştirak edirlər. Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Buta kamera xoru, Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, dirijorlar Rauf Abdullayev, Teymur Göyçayev, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Əyyub Quliyev, Elnarə Kərimova, solistlər Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya, Nəzakət Rimazi, gənc istedadlı ifaçılar Anar İbrahimov, Riad Məmmədov, Cəmilə Qarayusifli, Firuzə Xancalova və başqaları çıxış edəcək. Azərbaycanlı və xarici musiqiçilərin rəngarəng konsert proqramlarında birgə çıxışları festivalın əsas ideyasını - mədəniyyətlərarası dialoq ideyasını əks etdirir. Festival günlərində Bakının musiqi tədrisi ocaqlarında ustad dərslərin təşkili də planlaşdırılmışdır. Artıq üçüncü ildir ki, festival "Musiqi olimpi" fondu ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrdən gənc beynəlxalq müsabiqə laureatları festivalda çıxış edirlər.
Festival çərçivəsində musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Arşın mal alan" musiqili komediyasının 100 illiyinə həsr olunmuş yubiley tamaşası, dahi italyan bəstəkarı C.Verdinin 200 illiyi münasibətiylə GUAM ölkələri solistlərinin iştirakı ilə C.Verdinin "Aida" operası nümayiş olunacaq. Opera və Balet Teatrının kollektivi festival günlərində tamaşaçıları italyan bəstəkarı Q.Donisettinin "Sevgi şərbəti" operasının premyerasına dəvət edəcək. Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor P.Rundel və vokalçı Bricit Pinterin iştirakı ilə dahi alman bəstəkarı Rixard Vaqnerin 200 illiyinə həsr olunmuş yubiley konsertini tamaşaçılara təqdim edəcəkdir.
Festival proqramında Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə "Türk xalqlarının musiqisi" adlı elmi konfrans və konsertin keçirilməsi də yer alıb. İlk dəfə olaraq tədbirlər sırasında Rusiyadan tanınmış orqan ifaçısı Svetlana Berejnayanın iştirakı ilə orqan musiqi axşamı təşkil ediləcəkdir.
Üzeyir Hacıbəylinin ev-muzeyində "Üzeyir evinin qonaqları" layihəsi adlı silsilə konsertlərdə gənc musiqiçilər iştirak edəcək. Hər il olduğu kimi, Ağcabədidə "Qarabağ" Muğam Mərkəzində təşkil edilən festival tədbirində Şuşa Musiqili Dram Teatrının "Üzeyir Hacıbəyli. Musiqi və gülüş dünyası" adlı tamaşası təqdim olunacaq.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...