PDF Oxu

Mədəniyyət

  • 4 345

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyadan mövsümün ilk qastrol səfərindən qayıdıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyadan mövsümün ilk qastrol səfərindən qayıdıb

Bu günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən dönüb. Sentyabr ayının 30-dan - oktyabr ayının 7-dək davam edən qastrol Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram teatrlarında həyata keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata istinadən, qastrol çərçivəsində kollektiv teatrın repertuarında olan ən maraqlı 3 tamaşa ilə çıxış edib. Oktyabr ayının 1-i və 2-də kollektiv Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq şairi Rəsul Rzanın "Ana qaz" əsəri əsasında hazırlanmış allegorik birhissəli pantomim-tamaşa ilə azyaşlı tamaşaçılarının görüşünə gəlib. Kollektivin Həştərxan şəhəri ilə tanışlığı Volqa çayı boyunca salınmış Azərbaycan parkı və parkda ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsinin ziyarət edilməsindən sonra başlayıb.

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunan "Ana qaz" tamaşası məktəblilər, valideynlər və müəllimlər tərəfindən böyük maraqla qarşılandı və Həştərxan şəhər teatr ictimaiyyəti, eləcə də tamaşaçılar tərəfindən aktyorların peşəkar oyunu, istedadlı rejissor işi haqqında yüksək fikir söylənilib.

Uğurla keçən qastrol səfərinin bağlanışında Həştərxan vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi və teatrın rəhbərliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivinə qarşılıqlı yaradıcılıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə öz təşəkkürünü bildirərək, daha sonra Həştərxan vilayəti mədəniyyət nazirinin Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təşəkkür məktubu təqdim olunub.

Oktyabr ayının 4-dən - 6-dək kollektiv Kalmıkiya Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında xalq şairi Rəsul Rzanın "Ana qaz", İşveç dramaturqu "Lars Nurenin "Müharibə" və alman yazıçısı və ssenaristi Patrik Züskindin "Kontrabas" əsərləri əsasında hazırlanmış tamaşalarla çıxış etmişdir.

Qastrol səfərinin bağlanış mərasimində çıxış edən Kalmıkiya Respublikasının mədəniyyət naziri xanım Amulanqa Uçurova, elm və təhsil nazirinin müavini Raisa Dyakiyeva, Teatr Xadimləri İttifaqının sədri Tatyana Mixeyeva, Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, "Kalmıkiya Respublikasında Azərbaycan konqresi" qeyri-hökümət təşkilatının sədri Sabir Quliyev, B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nın əməkdar incəsənət xadimi Boris Mandjiyev və teatrın direktoru, RF-nin əməkdar mədəniyyət işçisi Şurayeva Qalina Borisovna qastrol səfərinin uğurundan danışaraq təqdim etdiyi maraqlı tamaşalar üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və kollektivə öz təşəkkürlərini bildirib, kollektiv üzvlərinə fəxri diplomlar təqdim ediblər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək göstərilən isti münasibətə görə öz dərin minnətdarlıqlarını bildirərək, Rusiya və Azərbaycan teatrları arasındakı qarşılıqlı yaradılıcıq əlaqələrinin bundan sonra da davam edəcəyini vurğulayıblar.

Məlumat üçün qeyd edək ki, ikitərəfli yaradıcılıq müqaviləsinə əsasən, bu ilin noyabr ayında Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı, gələn ilin may ayında isə Kalmıkiya Milli Dram Teatrının ölkəmizdə qastrol səfərlərinin həyata keçirilməsi nəzərdə tutulub. 2014-cü ilin aprel ayında isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmıkiya Milli Dram Teatrına qastrol səfəri barədə razılıq əldə olunub.

ZÜMRÜD

Digər xəbərlər