PDF Oxu

Mədəniyyət

  • 2 914

"Bir insan ömrünə nələr sığarmış..."

"Bir insan ömrünə nələr sığarmış..."

Poeziya ruhun cəmiyyətə, insan psixologiyasına təsiri ilə zamanla insan arasında olan dərin bağlantını əks etdirən bir məfhum, şeir parçası, sənət aləmidir. Onun diqtəsi qədər insan ruhuna, insan qəlbinə nüfuz edə biləcək dəyərli qüvvə yoxdur. Poeziyanın ən mükəmməl nümunələri, məhz idrakın kainatla bağlı olduğu zamanda, eləcə də, həyatı dərk etmək zamanı meydana çıxır. Bu numunələrin dəyərləri, mahiyyəti o zaman işıqlı və nurlu olur ki, orada insan dəyəri, bəşəri ideyalar ön planda meydana çıxır, bəşər övladının dünyanı dərk etmək prosesi öz təsirini göstərə bilir. Bədii ədəbiyyata nəfəs, çalar verən, sözdən ehtiyatla istifadə edən və onun dəyər, mahiyyətinə diqqət yetirən yaradıcı şəxslər poeziya aləmində məxsusi dəsti-xətlərini yarada bilirlər. Fərdi poeziyası ilə neçə illərdir ki, yol gələn, yazıb-yaradan, dövrü mətbuatda müxtəlif məzmunlu şeirləri ilə çıxış edən Rahilə Dövran görüşləri çərçivəsində oxucu şair münasibəti, körpü qurmağa çalışmışdır. Bu qovuşaqda hisslərin bədii təsvirində haçalanmış duyğulara rahatlıq gətirmək, qəlbləri isitmək, onlara təsəlli olmaq üçün yazıb-yaratmışdır. Ürəyinin hökmü, ruhun diqtəsinin səmimiliyi ilə. Rahilə Dövranın öz dünyası, baxışları, sevgisi var. Azərbaycan, torpaq kimi ali dəyərlərə sevgi ilə yanaşan şairə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında əsrin tarixinə yazdığı uğurları ilə əbədiləşən Ulu Öndər Heydər Əliyevin siyasi lider kimi bu yaxınlarda çapdan çıxmış "Bir insan ömrünə nələr sığarmış..." poemasında qələminin gücü çatacaq qədər portrerini yaratmağa çalışmışdır. Sözün gücü ilə seve-sevə yaratdığı surətdə Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu və bunun nəticəsində Azərbaycanın müstəqilliyinin sütunlarını möhkəmlətdiyini göstərir.

Kitaba ön söz yazan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı, şair Asim Yadigar Rahilə Dövranın məsuliyyətlə qələmə aldığı bu kitabda şairin əvəzolunmaz İNSANA böyük sevgisi, məhəbbəti olduğunu göstərir. O bildirir ki, şairə poemada tarixi sənədlərə əl atıb məsuliyyət hissini bir an belə unutmayıb. Poemanın "Proloq"unda müəllif göstərir ki, neçə vaxtdır dərin-dərin düşünərək dürrü-inciləri toplayaraq Ulu Öndər Heydər Əliyev haqqında əsər yazmaq haqda düşünür. Əlinə qələm alıb misraları nəzmə çəkərkən yazdıqlarının ümmandan bir damla olduğunu etiraf edir. Heydər Əliyevə olan segisi nəticəsində qəlimindən çıxan hər misrada Onun Azərbaycanın yaradıcısı və qurucusu olduğunu bir daha göstərir:

İdeyası istiqlalın rəmzi olub,

Adı zəfər bayrağıdır dalğalanır.

Heydər eşqi, haqq sədası qəlbə dolub,

Günü-gündən məşəl kimi alovlanır

- deyən şairə Heydər Əliyevin qısa zaman kəsiyində ölkənin həyatında dönüş yaradan islahatlarının xalqın sosial-mədəni həyatına zənginlik və ümümbəşərilik gətirdiyin göstərir. Bu, Heydər Əliyevin müdrik, uzaqgörən siyasətin məntiqi idi. Rahilə Dövran dövlətimizin mövcud səltənətə yiyələnməsində Ulu Öndər Heydər Əliyevin əməyini şeir dilinə çevirərək, Onun bəşəriliyini qürurla tərənnüm edir. Doğma vətəninin müstəqilliyi, firavanlığı ilə dünyaya qanad açan şairə ürəkdən süzülüb gələn etiraflar ilə Heydər Əliyev dünyasına səyahət edir. Əbədiyaşar Liderin - Heydər Əliyevin muzeyində olur. O, tarixlərdə qalacaq ömrün xalq üçün gördüyü işləri sadalamaqla yaratdığı nümunənin məzmununa BÖYÜK ÖMRÜN bəzi ştrixlərini əlavə edir:

Dalıb fikir dünyasına, xəyal gedir o çağlara,

Sovet dövrü... Ağır zaman... İnləyirdi Azərbaycan...

Odlar yurdu tapdaq idi həm qırmızı, həm ağlara,

Komministə, ateistə, qan qoxuyan alçaqlara

- deyən müəllif belə bir zamanda Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsini muzeydəki canlı sənədlər vasitəsi ilə oxucusuna çatdırır. Bu sənədlər canlı tarixdir danışır. "Dövrün, zamanın aynası kimi." Sovet İttifaqının qısa bir zamanda Ona baş əydiyini göstərən şair "Heydər dönür İttifaqda əfsanəyə" deməklə Onun siyasi liderlik bacarığını diqqətə çəkir. Muzeydə hər bir canlı sənədin sanki bir-biri ilə bəhsə girdiyini göstərir.

Müəllif Heydər Əliyevin Azərbaycan xalqının yaradıcısı olmasını göstərərək Onun tarixə həkk etdiyi silinməz izləri xronoloji ardıcıllıqla diqqətə çəkir. "Naxçıvan Ali Sovetini sesiyasında", "Qurtuluş", "Yuxusuz gecələr", "Atəşkəs", "El sevinci" və s. fəsillərində o, Heydər Əliyevin zamanla ölçülməyən əməllərini qabarıq tərzdə verir. Onun fəaliyyətinin fövqündə böyük ideyaların gerçəkləşdiyini və Azərbaycanın dünyaya açılan qapılarının, məhz layihələrinin gerçəkləşməsi əsasında mümkünlüyünün poetik təsvirinə nail olur. Heydər Əliyevin Tanrı tərəfindən xalqa göndərilməsini, Azərbaycanı gülüstana çevirməsini, xalqını, vətənini sevərək ömrünü bu yola həsr etməsini göstərir:

Yüksəltdi, tanıtdı bütün dünyaya,

Üçrəngli, müqəddəs, şanlı bayrağı.

Döndü gülüstana səhra, boz qaya,

Haraya toxundu, dəydi ayağı

- deyən R.Dövran Azərbaycanı qurub-yaradan, ucaldan, şöhrətləndirən, şərəfləndirən Şəxsiyyətin timsalında ölkənin nura qərq olunmasını bədii cizgilərlə Azərbaycan poeziyasına gətirib. Heydər Əliyevin ədalətə, haqqa doğru irəliləməsini, demokratiya adlı bir ölkənin təməl daşını qoymasını, bu vətənə, millətə etdiyi xidməti mətanət, dəyanət kimi dəyərləri ilə həyata keçirdiyini poeziyasevərlərə çatdırır. Poemanın "Acı xəbər" bölməsində Heydər Əliyevin dünyasını dəyişməsi xəbərindən Azərbaycan xalqın hansı hissləri keçirməsini kövrək notlarla ifadə edir.

"Bir insan ömrünə nələr sığarmış..." kitabı bir ömrün həyat səhifələrini, Böyük Şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq ideyasını özündə əks etdirir. Azərbaycanda Milli Ordunun yaradılması, Milli Qurtuluş Günü, müstəqilliyin təməlinin möhkəmlənməsi və s. Onun adı ilə bağlıdır ki, müəllifin qələmi vasitəsilə nəzmə çəkilmiş misralarda bu fikirlər davamlı olaraq poetikləşib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər