Dünya Turizm Təşkilatı (DTT) İcraiyyə Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 99-cu sessiyası başa çatıb. Sessiyada Özbəkistan prezidenti İslam Kərimov, DTT-nın Baş katibi Taleb Rifai, dünyanın 34 ölkəsindən 130-a yaxın nümayəndə, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri, həmcinin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. İki gün ərzində sessiyanın iclaslarında 2014-cü ildə beynəlxalq turizm və 2015-cü il üçün perspektivlər, ümumi fəaliyyət proqramının icrası, 2016-1017-ci illər üçün ümumi iş proqramı, beynəlxalq turizmin inkişafı istiqamətində görülən işlər, təşkilatın maliyyə vəziyyəti və digər məsələlər müzakirə edilib.
"Turizm və mədəniyyət-yeni tərəfdaşlıq modeli" mövzusuna həsr olunan iclasda çıxış edən nazir Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət və turizm sahələrinə göstərdiyi diqqət və qayğıdan, dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən layihələrdən, o cümlədən Heydər Əliyev Fondunun xarici ölkələrdə reallaşdırdığı müvafiq aksiyalardan bəhs edib. Qeyd edilib ki, bütün bunlar turistlərin ölkəmizə marağının artmasına səbəb olub. Bu gün Azərbaycan mədəniyyət və turizm sahələrini bir-birinə bağlayan, vahid struktur çərçivəsində birləşdirən yeganə ölkələrdəndir. "Mədəniyyət və turizm müxtəlif mədəniyyətlər arasında dialoq və körpü rolu oynayır. Bunu nəzərə alaraq daha geniş layihələr həyata keçiririk" - deyə nazir vurğulayıb.
Ə.Qarayev DTT, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO və Avropa Şurasının tərəfdaşlığı ilə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk dəfə Azərbaycanda mədəniyyət və turizm nazirlərinin birgə konfransının baş tutduğunu da diqqətə çatdırıb. Nazir deyib ki, gələn ilin may ayında Bakıda keçiriləcək üçüncü forumda da mədəniyyət və turizm sahələrinə geniş yer veriləcək.
Sessiyada 2015-ci ildə DTT-nın İcraiyyə Şurasına Kambocanın sədrlik etməsi qərara alınıb.
"Avropa irs günləri"nin qeyd edilməsi münasibətilə ölkənin əsas qoruq və muzeyləri ödənişsiz fəaliyyət göstərəcək
10-17 oktyabr tarixində Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Avropa İrs Günləri" layihəsinin qeyd edilməsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək.
Hər il sentyabr ayının sonu - oktyabr ayının əvvəllərində Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrdə qeyd edilən layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsi təbliğidir.
Azərbaycanda "Avropa İrs Günlərinin" qeyd edilməsi ilə bağlı 11-12 oktyabr 2014-cü il tarixlərində ölkənin ən mühüm mədəniyyət təsisatları ödənişsiz xidmət göstərəcək. Buraya Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən sonrakı mədəniyyət təsisatları daxildir: Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi," "Qobustan" Milli Tarix-Bədii Qoruğu (Ümumdünya İrs Obyekti), Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu (Ümumdünya İrs Obyekti), "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu, "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Kiş Tarix-Memarlıq Qoruğu.
Qeyd edək ki, "Avropa İrs Günləri", Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulmuşdur. Hər 2 qurum indiyədək bu proqramı birgə davam etdirirlər. Hər il sözügedən layihə 50 Avropa ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır. Layihənin qeyd olunacağı günlərdə yuxarıda adları göstərilən mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçinin baş çəkməsi nəzərdə tutulur.
"Bakı Beynəlxalq Caz Festivalı - 2014" keçiriləcək
Oktyabrın 19-dan 30-dək paytaxtımızda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə "Bakı Beynəlxalq Caz Festivalı - 2014" keçiriləcək. Festival günlərində ənənəvi olaraq dünyanın ən məşhur caz musiqiçiləri şəhərimizdə geniş konsert proqramı ilə çıxış edəcəklər.
Festival çərçivəsində Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında və Bakı Caz Mərkəzində dünya şöhrətli musiqiçilər - Terence Blanchard, Stanley Clarke, Craig Taborn, Anat Cohen, Michel Camilo, Trilok Gurtu, Terri Lyne Carrington və başqalarının çıxışları gözlənilir. Eyni zamanda, Azərbaycanın tanınmış caz ifaçıları və caz qrupları - Salman Qəmbərov, Elçin Şirinov, Rain Sultanov, "Rast" və "Cəngi" qrupları ilə yanaşı, istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.
"Bakı Beynəlxalq Caz Festivalı - 2014" çərçivəsində Heydər Əliyev Sarayında oktyabrın 21-də "Rast" qrupunun 20 il yubileyi qeyd olunacaq. Oktyabrın 22-də isə dünya şöhrətli Terence Blanchardın kvintetinin konserti keçiriləcək. Caz ifaçısını konsertdə, dirijor, Azərbaycanın xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək. Heydər Əliyev Sarayının növbəti qonağı oktyabrın 28-də dünya şöhrətli cazmen, peşəkar musiqiçi və bəstəkar Stanley Clarkenin qrupu olacaq.
Parisdə Əlimərdan bəy Topçubaşovla bağlı film nümayiş etdirilib
Oktyabrın 6-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın dövlət xadimi, milli müstəqilliyimizin fədakar mübarizi Əlimərdan bəy Topçubaşovun həyatı və siyasi fəaliyyəti ilə bağlı qısametrajlı sənədli film nümayiş etdirilib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək "Parisdən məktublar" adlı filmin 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətin ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun əziz xatirəsinə həsr olunduğunu, ötən il Azərbaycan xalqının gələcəyi uğrunda mübarizə aparan siyasi xadimin anadan olmasının 150 illiyinin təntənə ilə qeyd olunduğunu diqqətə çatdırıb.
Əlimərdan bəy Topçubaşovun 1863-cü il mayın 4-də Tiflisdə anadan olduğunu xatırladan səfir, onun qısa bir vaxtda siyasətə gəldiyini, xarici işlər naziri vəzifəsindən sonra Xalq Cümhuriyyətin parlamentinin sədri seçildiyini, Parisdə keçirilən sülh konfransında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyini xüsusi vurğulayıb.
Səfir Fransada mühacir həyatı yaşayan Ə. Topçubaşovun J.Klemanso, L.Corc, V.Vilson, F.Nitti və o dövrün digər tanınmış siyasətçiləri və dövlət başçıları ilə keçirdiyi görüşlərdən danışıb. Əlimərdan bəy Topçubaşovun bir çox beynəlxalq konfranslarda fəal iştirak etdiyini, dostları ilə yazışdığı məktublarda, eləcə də Azərbaycanın işğalı ilə bağlı müxtəlif mətbu orqanlarında dərc olunan məqalələrində xalqımızın yeganə çıxış yolunu müstəqillikdə gördüyünü diqqətə çatdırıb.
Elçin Əmirbəyov Azərbaycanı müstəqil görmək istəyən Ə.Topçubaşovun arzusunun 1991-ci ildə reallaşdığını, ölkəmizin müstəqilliyinin bərpa olunduğunu xüsusi vurğulayıb. Sonda səfir uzun illər Fransada diplomat kimi fəaliyyət göstərən və azərbaycanlı mühacirlərin tapılıb üzə çıxmasında xüsusi əməyi olan filmin məsləhətçisi Ramiz Abutalıbova, rejissor Tahir Əliyevə və ssenarin müəllifi tanınmış publisist İntiqam Qasımzadəyə belə dəyərli sənət əsərini ərsəyə gətirdiklərinə görə minnətdarlığını bildirib.
Tədbirdə R.Abutalıbov yaradıcı kollektiv adından iştirakçıları salamlayıb, Ə. Topçubaşovun oğlu Ələkbər bəylə özünün və Aleksandr Nikolskinin yaxından dostluq etdiyini xatırladıb. Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda Ələkbər bəy Topçubaşovun tələbəsi olan Aleksandr Nikolski çıxışında müəllimi barədə xatirələrini bölüşüb. Sonradan yalnız müəllimi deyil, eyni zamanda dostu olan Ələkbər bəyin ona atası Əlimərdan bəy Topçubaşovdan bəhs etdiyini bildirdi.
Film iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Heydər Əliyev Mərkəzində doqquz qısametrajlı filmi nümayiş olunacaq
"Buta" İncəsənət Mərkəzi "Film Delicatessen" çərçivəsində 67-ci Kann Kinofestivalının əsas proqramının 8 qısa filmini, o cümlədən Azərbaycan istehsalı olan "Sonuncu" ("The Last one") filminin premyera nümayişini təqdim edəcək.
"Buta" İncəsənət Mərkəzindən bildiriblər ki, təqdimat oktyabrın 24-də Heydər Əliyev Mərkəzində olacaq. "Buta" İncəsənət Mərkəzi Azərbaycan tamaşaçısına bir axşam ərzində dünyanın nüfuzlu kinofestivalının əsas müsabiqəsində iştirak edən filmlərlə tanış olmağa eksklüziv imkan yaradacaq. Həmin gün "Execution" (Macarıstan-Rumıniya), "Yes we love" (Norveç), "The invisible spaces" (Gürcüstan), "Aissa" (Fransa), "Leidi" (Böyük Britaniya-Kolumbiya), "Crocodile" (Böyük Britaniya), "Skunk" (ABŞ), "Sonuncu" (The Last one), (Rusiya-Azərbaycan) qısametrajlı filmləri nümayiş olunacaq.
Ümumilikdə, 128 ölkədən 3450 filmin göndərildiyi 2014-cü ildə keçirilmiş Kann Kinofestivalı Azərbaycan üçün xüsusi olub. Tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasının prodüserləşdirdiyi film Kann Festivalının əsas müsabiqə proqramına daxil edilib. "Buta Films" şirkəti və C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının birgə istehsalı olan "Sonuncu"nun fəlsəfi məsəli xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülüb və nəhayət, öz vətənində də tamaşaçısını tapacaq.
"Sonuncu" ("The Last One") quruluşçu rejissor Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii filmdir. Qoca hər kəsi itirmişdi. Dostlarını, həyat yoldaşını, övladlarını... Ancaq o, tənha deyildi. Dəhlizdə köhnə soyuducu səs salırdı. Sonuncu dəfə insanlarla nə vaxt ünsiyyətdə olduğu qocanın heç yadında deyildi və o, hər axşam ölmək üçün yatağına uzanırdı. Səhər yuxudan oyanarkən o, yavaş addımlarla soyuducunun yanına gedirdi. Soyuducunu yaxşı həmsöhbət adlandırmaq olmazdı - o, gah yerində titrəyir, gah uğuldayır, gah da birdən-birə sözünü tamamlamamış susurdu. Amma hər nə qədər olsa da, o qoca üçün ailəsini və dostlarını əvəz edirdi. Sonuncu gün adi başlamışdı. Qoca yuxudan oyandı və eyvana getdi. Ancaq soyuducu artıq canını tapşırmışdı...
Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15 dəqiqəlik filmin çəkilişləri Bakının 120 kilometrliyində yerləşən Şabran şəhərinin Sura kəndində aparılıb. Filmdə baş rollarda azərbaycanlı aktyorlar - İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.
"Sonuncu" sadəcə film deyil. "Sonuncu" filmi rusiyalı və azərbaycanlı gənc prodüserlərin - Mariya İvanova və Nəsib Piriyevin uğurlarının tarixçəsidir. 80-dən çox film və dövri verilişlər çəkmiş və efirə təqdim etmiş, sənədli film sahəsində formalaşmış peşəkarlar ilk dəfə öz güclərini bədii filmdə sınadılar və dərhal da Kann Kinofestivalının iştirakçısı oldular.
"Buta films" Kino Şirkəti - "Buta" İncəsənət Mərkəzinin fəaliyyət istiqamətlərindən biridir. Bu, Azərbaycan mədəniyyətinin bütün dünyada populyarlaşdırılmasını özləri üçün prioritet məsələ sayan peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır. Cari ilin may ayından etibarən "Sonuncu" filmi planetin böyük festivallarında iştirak edir. San-Paoloda (Braziliya) keçirilən Qisametrajlı Filmlərin Beynəlxalq Kinofestivalında "Sonuncu" 2014-cü ilin ən yaxşı debüt filmi olaraq SES TV tərəfindən təltif olunub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...