Azərbaycan uşaq ədəbiyyatına töhfələrini verən, azyaşlıların dilini, onların psixolgiyasını bilən və əqli inkişafını nəzərə alaraq yazıb-yaradan yaradıcı simalar arasında Qəşəm İsabəylinin də imzası var. Onun yaradıcılıq yolu orijinal və maraqlı nümunələrlə zəngin olduğundan əsərlərinə tez-tez müraciət olunur. Hətta böyüklərin hafizəsindən uşaq yaşında öyrəndikləri bu ədəbi numunələr silinib getməyib. Onun ilk şeirlərindən olan "Balaca, bap-balaca" şeiri tez bir zamanda uşaqlar tərəfindən sevildi. Bu şairin dil xüsusiyyətləri, azyaşlı oxucusu ilə onun dilində danışmaq bacarığından, ən əsası isə Azərbaycan folklorunun incəliklərin bilməsindən irəli gələ amildir. Həssas və hər şeyi duyan balacaların dünyasına daxil olmaq elə də asan deyil. Sadə, axıcı dili, səmimiyyəti ilə sevilən şair, balacalarla özü arasında mənəvi körpü yaradıb. Uşaqlar üçün şeirlərlə yanaşı, çoxlu sayda mahnı mətnləri, poemalar, nağıl hekayələr və povestlər də qələm alan Q.İsabəyli "Şam nağılı", "Əkil-Bəkil", "Nənəm təkdi" kimi əsərləri ilə uşaq ədəbiyyatına yeni nəfəs gətirmiş oldu. Bu uğurlu başlanğıc onun bu gün beynəlxalq mükafata layiq görülməsinə səbəb olub. Belə ki, yazıçı bu yaxınlarda Andersen Fəxri Diplomuna layiq görülüb. Qeyd edim ki, İsveçdə fəaliyyət göstərən Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının Andersen mükafatı ötən əsrin 60-cı illərində təsis olunub. Dünyanın 76 ölkəsi bu təşkilatın üzvüdür. Azərbaycan isə 4 ildir ki, bu təşkilata üzvdür. 2014-cü ildə 57 nəfər Andersen mükafatı ilə təltif olunub. Bu mükafat son iki ildə dünya uşaq yazıçılarının müasir ədəbi mühitini özündə əks etdirən ən yaxşı əsərlərinin seçimi deməkdir. Andersen mükafatı MDB dövlətlərindən 5 respublika yazıçılarından Pribaltikadan 2, Moldavadan 1, Rusiyadan 1, Azərbaycandan isə 1 nəfərə verilib. Bəli, ilk dəfə Azərbaycan yazıçısı Q.İsabəyli Andersen Fəxri Şərəf siyahısını düşüb. O, bu mükafata "Cin" nağıl-povestinə görə layiq görülüb. Əsər bu günə qədər 3 dəfə nəşr edilib. İlk nəşri 60 min nüsxə Azərbaycan türkcəsində, 20 min nüsxə ingiliscə nəşr edilən bu kitab oxucular arasında geniş yayılıb. Əsərin mövzusu Azərbaycan folklorundan götürülüb və tamahkarlığın insanın başına gətirdiyi bəla, faciə maraqlı süjet əsasında təqdim edilib.
Onu da qeyd edək ki, Q.İsabəylinin "Balaca, bap-balaca" şeiri hələ 1980-ci ildə "Sovet Azərbaycanı maarifi" mahnı müsabiqəsində mükafata layiq görülüb. 1989-cu ildə isə "Əkil-Bəkil" (poema) kitabı "Ən yaxşı uşaq kitabı" müsabiqəsində qaliblərdən biri olub. Şair aldığı pul mükafatını Şəhidlərin abidəsinə yardım fonduna keçirdib.
Bədii forma və məzmun axtarışları, orijinal üslubu ilə seçilən, Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən, rəngarəng yaradıcılığa malik olan Q.İsabəylinin yaradıcılığı məhz dünya uşaq ədəbiyyatının münsifi sayılan Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının Fəxri Andersen Diplomuna layiq görülməsinə səbəb oldu və bu, onun ən böyük uğurudur.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...