Özbəkistanın podrobno.uz portalı "Qara Qarayev Azərbaycanın fəxri və XX əsrin dahi bəstəkarıdır" adlı məqalə dərc edib.
Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə hazırlanmış və SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dünya şöhrətli bəstəkar Qara Qarayevin həyat və yaradıcılığından ətraflı bəhs edir. Yazıda Qara Qarayevin istedadının parlamasında böyük bəstəkarlar Üzeyir Hacıbəyli və Dmitri Şostakoviçin böyük rolundan danışılır, dahi bəstəkarın 1946-cı ildə Moskva Konservatoriyasında dünya şöhrətli D.Şostakoviçin tələbəsi olduğu xatırlanır. Məqalədə 2014-cü il fevralın 3-də Bakıda - 28 May küçəsində dahi bəstəkar Qara Qarayevin abidəsinin açılışı barədə yazılmış və mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı vurğulanır. Məqalə müəllifi Prezident İlham Əliyevin mərasimdəki çıxışından sitat gətirərək yazır: "Qara Qarayev Azərbaycan xalqının böyük oğlu, tanınmış şəxsiyyət, dahi bəstəkardır. O, Azərbaycanı layiqincə, onun musiqi mədəniyyətini layiqincə təmsil etmişdir. Onun yaradıcılığı Azərbaycan xalqını tanıtdırmış və ona şöhrət gətirmişdir".
Məqalədə dahi bəstəkarın fotoşəkilləri verilib, onun ölməz əsərlərinin dünyanın bir çox ölkələrində ifa edilməsindən, tamaşaya qoyulmasından söhbət açılıb.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...