Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Londonda "Endless Corridor" ("Sonsuz dəhliz") sənədli filmininın təqdimatı keçirilib.
Mərasimdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında ətraflı məlumat verib. Kampaniyanın 100-dən artıq ölkəni əhatə etdiyi və beynəlxalq ictimaiyyətin diqqətini Xocalı soyqırımına yönəltdiyini bildirib.
Xocalı soyqırımı haqqında məlumat verən L.Zetter Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edib, münaqişə nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, yüzlərlə insanın amansızcasına qətlə yetirildiyini diqqətə çatdırıb. Ədalətin tezliklə bərpa olunacağına ümidvar olduğunu vurğulayıb.
Filmin litvalı prodüseri Aleksandr Brokas ekran əsərinin necə ərsəyə gəldiyi barədə məlumat verib. A.Brokas sənədli filmin sadəcə Azərbaycanda deyil, bütün dünyada ədalətsizlik, zülm və soyqırımlarına son qoymağa kömək edəcəyinə inandığını ifadə edib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə sənədli filmi yüksək qiymətləndirib. Səfir "bir canı qorumaq dünyanı qorumaqdır" (Oskar Schindler) sözlərini sitat gətirərək vurğulayıb ki, ermənilər Xocalıda yüzlərlə insanı amansızcasına öldürüblər. "Sonsuz dəhliz" filmi həmin insanların acı xatirəsini yad etmək baxımından böyük əhəmiyyət kəsb edir.
"Xocalı faciəsi heç vaxt unudulmamalıdır. Ona görə yox ki, biz eyni şəkildə qisas almaq istəyirik. Ona görə ki, biz ədalət istəyirik. Biz bu cür hadisələrin bir daha təkrarlanmamasını istəyirik" – deyə T. Tağızadə vurğulayıb.
"Xocalıya ədalət" kampaniyasının bir çox cəhətdən əhəmiyyətini diqqətə çatdıran səfir qeyd edib ki, kampaniya nəticəsində beynəlxalq ictimaiyyət artıq Xocalıda törədilən soyqırımından və ölkəmizə qarşı edilən ədalətsizlikdən xəbərdardır.
Səfir tədbir iştirakçılarına Xocalı qurbanlarını yad etdiklərinə görə minnətdarlığını ifadə edib.
Çıxışlardan sonra sonra sənədli filmə baxış olub.
yap.org.az
Bütün Polşa onun haqqında danışır...