Milli Kitabxanada Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı: İnsanlığa qarşı cinayət" adlı geniş kitab sərgisinin açılış mərasimi olub. SİA-nın verdiyi məlumata görə, tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq əvvəlcə Xocalı şəhidlərini, Qarabağ şəhidlərini, ümumilikdə Azərbaycanın müstəqilliyi uğrunda bütün şəhid olanları bir dəqiqəlik sükutla yad edib. Sonra o, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalından, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımından ürək yanğısı ilə danışıb. O, faciə baş verən gecə 1275 nəfər dinc sakinin girov götürüldüyünü, onların 150-nin taleyinin indi də məlum olmadığını bildirib. Bu faciənin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu, bu soyqırımı zamanı Azərbaycan xalqının yüzlərlə şəhid verdiyini, Ermənistan hərbi birləşmələrinin 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdiyini, soyqırımı zamanı 613 nəfərin öldürüldüyünü, 1000 nəfər müxtəlif yaşlı dinc sakinin aldığı güllə yarasından əlil olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdiyini söyləyib.Kərim Tahirov öz çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkəsində müxtəlif tədbirlərin keçirildiyini bildirib.Sonra söz "Keçmişini unudan-gələcəyini itirər" kitabının müəllifi professor Əsgər Abdullayevə verilib. O öz çıxışında kitabın yazılma səbəblərindən, kitabı böyük ürək ağrısı, ürək yanğısı ilə yazmasından danışıb.Milli Kitabxananın əməkdaşları, Azərbaycan Yazıçılar İttifaqının üzvləri Fəridə Hacıyeva və Səyyarə Məmmədli Xocalıya həsr etdikləri şeirlərini söyləyiblər.Tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Xocalı soyqırımı" adlı elektron məlumat bazası və "Xocalı soyqırımı: İnsanlığa qarşı cinayət " adlı sərgi ilə tanış olublar.
sia.az
Bütün Polşa onun haqqında danışır...