Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" adlı yeni layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, adət-ənənələri ilə tanış etməkdə davam edir. SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində növbəti tədbir Qəbələyə həsr olunub. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Qəbələ Rayon Mədəniyyət və Turizm şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşıb.Əvvəlcə tədbir iştirakçıları Qəbələ rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb.
Millət vəkili Fəttah Heydərov da bu cür mötəbər tədbirlərin keçirilməsinin ölkəmiz üçün vacib olduğunu bildirib.Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev son illər rayonda reallaşan layihələrdən, həyat keçirilən işlərdən, bölgənin inkişafı naminə icra edilən əhəmiyyətli proqramlardan söz açıb.
Sonra rayonun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən rolik nümayiş olunub.
Qeyd edək ki, gecədə rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin və incəsənət ustalarının çıxışları alqışlarla qarşılanıb.
sia.az
Bütün Polşa onun haqqında danışır...