PDF Oxu

Mədəniyyət

  • 1 511

Lənkəranda Beynəlxalq Teatr günü qeyd olunub

Lənkəranda Beynəlxalq Teatr günü qeyd olunub

Lənkəranda Beynəlxalq Milli Teatr günü qeyd olunub. SİA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə martın 27-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən tədbirdə teatrın direktoru Tofiq Heydərov Beynəlxalq Teatr gününün tarixindən, kollektivin inkişaf yolundan, yaradıcılıq planlarından söz açıb. Teatrın baş rejissoru Tural Mustafayev, baş rəssam Məmmədyar Cəfərov, respublikanın əməkdar artisti Təvəkkül Əliyev və digərləri Beynəlxalq Teatr günü münasibətilə həmkarlarını təbrik edib, qazanılmış uğurlardan, yaradıcılıq planlarından danışıblar.

Bildirilib ki, ötən illər ərzində Lənkəran teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda nailiyyətlər qazanıb. Hazırda teatrda rus dramaturqu Lev Korsunskinin "Kələkbaz" komediyası üzərində məşqlər davam etdirilir. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) məsul işçisi Tahir Zülfüqarov icra başçısının imzaladığı Fəxri Fərmanı direktor T. Heydərova təqdim edib.

Tədbirdə həmçinin teatrın qrim üzrə rəssamı Ədilə Məmmədovaya Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim olunub.

Tədbirdən sonra Üzeyir Hacıbəyovun felyetonları əsasında mərhum rejissor, əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi "Olanlardan-keçənlərdən" tamaşası nümayiş etdirilib. Maraqla baxılan tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aparıcı aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Niftulla Əsgərov və digərləri ifa ediblər.

sia.az

Digər xəbərlər