"...Məndə qalan bircə bu dəftərdir ki, vaxtilə mən Cavidin atama yazdığı məktubların surətini oraya köçürmüşəm. Bu dəftər mənim üçün nə qədər qiymətli olsa da, onu unudulmaz dostum və böyük qardaşımın ev-muzeyinə göndərməyi mümkün bildim".
Bu sətirlər görkəmli şərqşünas-alim, vaxtilə Moskvada yaşayıb-yaratmış məhrum professor Əziz Şərifin Naxçıvanda Hüseyn Cavidin 1983-cü ildə təzə təşkil edilməkdə olan ev-muzeyinə göndərdiyi məktubdan götürülmüşdür.
İndi bu ev-muzeyini Cavidşünaslıq Mərkəzi adlandırsaq, məncə, səhv etmərik. Çünki muzey təkcə Naxçıvan şəhəri və muxtar respublikamızda deyil, Azərbaycanda, hətta respublikamızın hüdudlarından çox-çox uzaqlarda yaşayan cavidsevərlərin ziyarət yerinə çevrilib. Vaxtilə Cavidi görmüş, onunla tanışlıq etmiş, birlikdə işləmiş, yazıb-yaratmış, həmçinin bu böyük sənətkardan sonra dünyaya gəlmiş ədəbiyyatsevərlər, tədqiqatçılar Cavidi daha dərindən duymaq, daha aydın qavramaq və öyrənmək məqsədilə tez-tez bu ünvana müraciət edirlər. Maraqlı cəhət həm də burasındadır ki, muzeyə müraciət edənlərin çoxunda burada nəsə öyrənib aparmaq meyili ilə yanaşı ev-muzeyinə nəsə gətirmək həvəsi də vardır. Kimdə ki, Cavidlə bağlı hər hansı bir əşya, xatirə, kitab varsa, onu Cavid sənətinin, Cavid həyatının tarixi mərkəzləşən bu evə yadigar vermək istəyir.
Bu mənada professor Əziz Şərifin muzeyə bağışlamış olduğu və özünün qeyd etdiyi kimi "onda qalan bircə dəftər" də çox qiymətlidir. Cavidin həyat və yaradıcılığında müəyyən təsir buraxan 1906-1910-cu illər romantik şairin İstanbul dövrü əhatə olunur.
Otuz səhifəlik bu köhnə, lakin səliqə ilə saxlanmış dəftərin iyirmi altıncı səhifəsində Əziz Şərifin öz xətti ilə yazdığı belə bir qeyd diqqəti cəlb edir: "Bu məktub da xalis osmanlı dilidir. Ilk məktubdan (aprel 1906) bu son məktuba (mart 1910) qədər dörd ilin ərzində dil yavaş-yavaş dəyişilmiş, osmanlılaşmış, Hüseyn Salik də Hüseyn Cavidə çevrilmişdir".
Qeydin özündən göründüyü kimi, H.Cavidin məktubları Cavidşünaslıqda nəninki tarixi və əbədi, hətta dil və üslubiyyət baxımından da son dərəcə qiymətlidir. Hamıya məlum olduğu kimi, zaman anlayışından təcrid olunmayan tarix özü həmin ömür parçasını Cavidin şəxsiyyətinə qarşı çevirməyə, ondan ittihamnamə kimi istifadə etməyə bəzən müvəffəq olmuşdur. Zaman və məkan anlayışının özündən hələ əməlli-başlı baş çıxara bilməyənlər həmin illərin Caviddə buraxdığı təsiri əldə bayraq edərək onun sənətinə qarşı əsl səlib yürüşü etmişlər. Illər keçəcək, Cavid sənətinin əsl üzünü görmək istəməyənlər və ya görməyi sadəcə olaraq bacarmayanlar Cavidi lüğətinin bir qədər mürəkkəbliyinə görə "pantürkist" və hətta "panislamist" adlandıracaq, bununla kifayətlənməyib bu sözləri damğa kimi onun bütün yaradıcılığına möhürləmək cəhdindən də çəkinməyəcəklər.
Lakin tarix nəhnəg dənizə, okeana bənzəyir. Dalğalar suyun üstündə atılıb-düşən çör-çöpü bir göz qırpımında quruya atır, nəhəng gövdələri, qollu-budaqlı kötükləri isə müvəqqəti öz altına almağa müvəffəq olsa da, onu nə batıra, nə də özündən kənara ata bilmir. Elə bu baxımdan da Cavid sənətinin daha prinsipial mövqedən tədqiq edilməsində Əziz Şərifin hədiyyəsi olan bir dəftər dolusu məktublar qiymətli bir mənbədir.
Nəhayət, görkəmli ədəbiyyatşünas-alim, Hüseyn Cavidin yaxın dostu və müasiri, böyük ziyalı Əziz Şərifin muzeyə göndərdiyi məktub dolu dəftər və "Keçmiş günlərdən" kitabının avtoqraf olunmuş nüxsəsi ilə bərabər ev muzeyinə yazdığı çox səmimi və mehriban məktubunu da oxuculara təqdim etməyi özümə borc bildim.
Bəhruz AXUNDOV,
Hüseyn Cavidin Ev Muzeyi və
Məqbərə Kompleksinin direktoru,
Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi
Bütün Polşa onun haqqında danışır...