PDF Oxu

Mədəniyyət

  • 2 260

"Məhtimqulu dostluq və həmrəyliyin tərənnümçüsüdür" mövzusunda elmi-praktik konfrans keçirilib

"Məhtimqulu dostluq və həmrəyliyin tərənnümçüsüdür" mövzusunda elmi-praktik konfrans keçirilib

Bu mövzuda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elmi müəssisənin, Əlyazmalar və Folklor institutlarının, həmçinin Türkmənistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə böyük türkmən şairi Məhtimqulu Fəraqiyə həsr edilmiş "Məhtimqulu dostluq və həmrəyliyin tərənnümçüsüdür" mövzusunda elmi-praktik konfrans keçirilib. Əvvəlcə böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli nümayəndəsi Məhtimqulu Fəraqinin müxtəlif dillərdə çap olunmuş əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbirdə Azərbaycanın və Türkmənistanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli açaraq görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığından ətraflı bəhs edib, böyük mütəfəkkirin zəngin bədii irsindən, onun türkmən yazılı ədəbiyyatındakı xidmətlərindən danışıb.

Məhtimqulu Fəraqini Türkmənistanda milli istiqlal ədəbiyyatının banisi kimi xarakterizə edən akademik İ.Həbibbəyli şairin yaradıcılığında vətənpərvərlik, türkmən qəbilələrini birliyə çağırış motivlərinin daha güclü olduğunu və onun poeziyasında realizmin əsas yer tutduğunu diqqətə çatdırıb: "Məhtimqulu Fəraqini türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar, böyük mütəfəkkir şair dünyada xalqların mənəvi-siyasi birliyinin böyük müdafiəçisi və carçısı kimi qəbul olunur. Bu böyük sənətkarın türkmən ellərini birliyə çağırışları nəticə etibarilə türk ellərini, ümumiyyətlə insanları yaşadıqları torpaqlarda, ömür sürdükləri məmləkətlərdə oturaq həyatın qorunub saxlanması ilə ölkələrin qorunub saxlanmasının və möhkəmlənməsinin zəruriliyini qabarıq şəkildə ifadə etmişdir. Müasir türkmən şeiri, yeni türkmən ədəbiyyatı Məhtimqulu Fəraqi ilə başlamışdır. Məhtimqulu Fəraqi Dədə Qorqudla əsası qoyulan, Yunis Əmrə ilə davam edən, Dirili Qurbanla el-oba içinə geniş yayılan, Molla Pənah Vaqiflə kamala çatan çoxəsrlik türk xalq şeirinin XVIII əsr türkmən yazılı ədəbiyyatındakı ən görkəmli nümayəndəsidir. Məhtimqulu Fəraqinin yaradıcılığı xalq şeiri ilə xalqın həyatı və mübarizəsinin birlik çələngidir".

Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov M.Fəraqinin ümumtürk ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edib ki, "Fəraqi" təxəllüsü ilə şeirlər yazan Məhtimqulunun yaradıcılığı türkmən ədəbiyyatının mühüm bir dövrünü əhatə edir. Məhtimqulunun yaradıcılığı Azərbaycan şairləri Molla Pənah Vaqifə və Molla Vəli Vidadi yaradıcılığına da ciddi təsir göstərib. Səfir, həmçinin AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi İsmixan Osmanlıya M.Fəraqinin yaradıcılıq irsinin tədqiqində, geniş yayılmasında və təbliğində xidmətlərinə, həmçinin Türkmənistan ilə dostluq əlaqələrinin, elm, təhsil, mədəniyyət və humanitar sahələrin inkişafına verdiyi töhfəyə, səmərəli iş və bədii nailiyyətlərə görə "Məhtimqulu Fəraqi" medalını təqdim edib.

Tədbirdə AMEA humanitar elmlər bölməsinin akademik-katibi, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nizami adına Ədəbiyyat İnstitutunun dorektor müavini, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Salidə Şərifova, "Türk xalqları şöbəsi"nin doktorantı Töhfə Talıbova böyük mütəfəkkirin yardıcılığı barədə geniş və hərtərəfli elmi təhlillər diqqətə çatdırıblar.

Elmi konfransda İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak edib. Qeyd edək ki, tədbir boyu böyük türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yardıcılığını əks etdirən fotoslaydlar nümayiş olunub.

R.KAMALQIZI

Digər xəbərlər