Əlikram Əliyev: "Avropalılar Azərbaycanın bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilməsinin şahidi olacaqlar"
Müsahibimiz Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevdir
- Əlikram müəllim, bildiyiniz kimi, xalqımız iyunun 15-də Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olan Milli Qurtuluş Gününü qeyd edəcək. Bu tarixin müstəqilliyimizin möhkəmlənməsində əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan tarixində bir çox hadisələr dövlətçiliyimizin inkişafında mühüm rol oynamışdır. Tarixi məqamlarda baş verən hadisələr xalqın gələcəyinə və inkişafına xidmət edirsə, bu yaddaşlara həkk olunur və əlbəttə ki, gələcək nəsillər bunu unutmamalıdır. Milli qüruru, vətənə olan sevgisini, xalqının gələcəyini və inkişafını fəaliyyətində rəhbər tutan Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi, Azərbaycan dövlətinin xilası və xalqın azad yaşaması üçün bir qəhrəmanlıqdır. Biz bu tarixi günü nəinki bir bayram olaraq qeyd etmək, deyərdim ki, o çətin dövrdə baş vermiş bu mühüm hadisənin bütün məqamlarını təkrar öyrənməli və gələcək nəsillərə layiqli şəkildə ötürməliyik.
Azərbaycan dövlətinin inkişafı və idarə olunması baxımından Ümummilli Liderimizin titanik fəaliyyəti müstəqil ölkəmizin dünəni, bugünü və sabahı üçün ən gözəl nümunədir. Milli Qurtuluş Günü bugünkü müstəqilliyimizin əldə olunmasında ilk və ən mühüm hadisədir. Hər bir xalqın tarixində bu kimi hadisələrin yeri var. Bəzən xalqlar və dövlətlər baş vermiş mühüm hadisələri unutmaq məcburiyyətində qalır və yaxud əhəmiyyətini anlamadan onu unudurlar. Amma Azərbaycan tarixində məhz bu tarix azad və müstəqil dövlətin təməli, onun inkişafı və sözün əsl mənasında xalqın QURTULUŞUDUR. Qürurla deyə bilərik ki, budur Ulu Öndərimizin siyasəti. Qurtuluşumuzun nəticəsi və gələcək nəsillərə miras qalacaq Azərbaycan.
- Hər birimizə məlumdur ki, bu gün inkişaf edən regionun lider dövlətinə çevrilən Azərbaycanın hər bir uğurunun kökündə Ümummilli Lider Heydər Əliyev siyasəti dayanır. Müasir dövrümüzdə həmin tarixi missiyanı Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan özünün yüksək inkişaf mərhələsini yaşayır, bütün sahələrdə uğurlar qazanılır. Bu baxımdan, Azərbaycan mədəniyyəti və turizminin inkişafındakı uğurları necə qiymətləndirərdiniz?
- Bu gün sürətlə inkişaf edən vətənimizdə Ulu Öndərimizin siyasəti və uzaqgörən fəaliyyətinin nəticələri göz önündədir. Hər bir sahədə inkişaf üçün atılan addımın başlanğıc nöqtəsi bir zirvəyə söykənmişdir. Heydər Əliyev Zirvəsinə... Biz sözün əsl mənasında xoşbəxt xalqıq. Bu gün dövlətimizə və inkişafımıza rəhbərlik edən Ulu Öndərimizin layiqli davamçısı Prezident Cənab İlham Əliyevdir. Gündəlik həyatımızda və fəaliyyətimizdə əldə etdiyimiz uğurlar düzgün, davamlı siyasətin nəticəsidir. Əlbəttə ki, mədəniyyət və turizmin inkişaf templəri onu deməyə əsas verir ki, yolumuz sürətli inkişaf və yüksək nailiyyətlər yoludur. Bu sahəyə diqqət və qayğının nəticəsində artıq bütün dünyada Azərbaycanın mədəni irsi ən yüksək səviyyədə tanınır və dünya mədəniyyətinin ayrılmaz bir parçasına çevrilir. Həyata keçirilən bütün layihələr milli mədəniyyətimizin müxtəlif sahələrini əhatə edir. Əldə olunan nailiyyətlər və nəticələr bizi daha da ruhlandırır. Mədəni sərvətlərin qorunması və gələcək nəsillərə layiqincə ötürülməsi hər birimizin amalıdır. Turizm sahəsinin inkişafı mühüm məsələlərdən biridir. Bu yolda son illərdə qəbul olunmuş dövlət proqramları və müxtəlif layihələr turizm sahəsinin potensialının artmasına xidmət etmişdir. Ölkəmizdə bu sahəyə qoyulan vəsaitlər öz bəhrəsini verir və ölkəmizə gələn turistlərin sayı ilbəil artır. Əminliklə deyə bilərik ki, turizmin inkişaf tempi yüksəkdir. Azərbaycan iqtisadiyyatının növbəti illərdə formalaşmasında bu sahənin də tutarlı payı qaçılmazdır.
- Əlikram müəllim, ölkəmizin yaşadığı tarixi reallıqlar, müstəqilliymizin təməlinin möhkəmlənməsi, eləcə də Heydər Əliyevin inkişaf strategiyasının Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi paytaxtımızın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə nəticələnib. Bu gün Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi etmək ərəfəsindədir. Artıq bir neçə gündən sonra iyunun 12-də ölkəmizdə ilk Avropa Oyunlarının açılış mərasim keçiriləcək. Bakının mədəniyyət və turizm obyektləri qonaqları qarşılamağa tam hazırdırmı?
- Tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışları qəbul etmək, hazırlamaq və həyata keçirmək böyük məsuliyyətdir. Bu gün biz möhtəşəm bir layihəyə imza atmağa hazırlaşırıq. Bəli, I Avropa Oyunlarına ev sahibliyi etmək və tarix yazmaq bizə qismət olmuşdur. Bütün ölkə bu oyunların yüksək səviyyədə keçirilməsinə tam hazırdır. Təbii ki, oyunlar zamanı mədəni sərvətlərimizin təbliği ən vacib məsələlərdən biridir. Azərbaycanın son illərdə mədəniyyət sahəsində qazanılan uğurları danılmazdır. Dövlətin yürütdüyü uğurlu mədəniyyət siyasəti nəticəsində milli-mədəni sərvətlərimiz dünyanın istənilən ölkəsində maraqla qarşılanır. Biz müxtəlif beynəlxalq yarışlarda, festivallarda iştirak edir və eyni zamanda, mötəbər tədbirlərə ev sahibliyi edirik. Habelə, ölkəmizə gələn qonaqlar müasir standartlara cavab verən teatrlarımız, kinoteatrlarımız, muzeylərimiz, qoruqlarımız, qalereyalarımız və digər tarix və mədəniyyət abidələrimizlə tanış ola biləcəklər. I Avropa Oyunları zamanı bu mədəniyyət ocaqlarının fəaliyyət saatları da artırılacaqdır. Eyni zamanda, bu mötəbər idman yarışları sayəsində ölkəmizə gələn turistlərə xalqımızın milli-mədəni davranışını, qonaqpərvərliyini göstərmək üçün əlverişli şərait yaranmışdır. Bu sahədə də tam hazırlıq başa çatmışdır.
- Maraqlıdır, Avropa Oyunları zamanı ölkəmizə gələcək iştirakçı və qonaqlara turizm imkanlarını tanıtmaq məqsədilə hansı tədbirlər görülüb?
- I Avropa Oyunları zamanı ölkəmizin qonağı olan avropalılar həm də Azərbaycanın mədəniyyəti, Şərq ilə Qərbi birləşdirən memarlıq abidələri və ənənələri ilə də tanış ola biləcəklər. Görəcəklər ki, Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından dünya mərkəzlərindən birinə çevrilib. Bu gün biz öz ənənələrimizi və tariximizi qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq. Bakı sakinləri milli qonaqpərvərlik adətimizi hər bir iştirakçıya və tamaşaçıya təqdim etməklə öz töhfəsini verəcəklər. Mən tam əminliklə deyə bilərəm ki,ölkəmiz qonaqların yaddaşına öz gözəlliyi ilə həkk olacaqdır.
- "Bakı-2015" ilk Avropa Oyunlarının əhəmiyyəti və gətirəcəyi dividendlər barədə də fikirlərinizi bilmək istərdik.
- I Avropa Oyunlarının ilk dəfə ölkəmizdə təşkil edilməsi hər birimiz üçün qürurverici faktdır. Bunun əhəmiyyətinə gəlincə deyə bilərəm ki, ölkəmizin inkişaf strategiyası daha da sürətlənəcək, nəticədə hər bir sahədə biz bunun şahidi olacağıq. Minlərlə insanın bu tədbirdə iştirakı vətənimizin bir daha tanıdılmasında əvəzolunmaz vasitədir. Biz bu tədbirdən maksimum istifadə edərək xalqımızın milli-mənəvi dəyərlərini, mədəniyyətini, həyat tərzini dünyaya çatdıracağıq. Əlbəttə ki, bu möhtəşəm layihənin həyata keçirilməsində xidməti olan hər bir şəxs Azərbaycanımızın sabahına yüksək səviyyədə xidmət etmiş olur. Bu tarixi hadisə Azərbaycan adı ilə qoşa çəkiləcək. Biz qürur hissi ilə Ümummilli Liderimiz Heydər Əliyev siyasətinə arxalanaraq, Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin fəaliyyəti və ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın vətən sevgisi ilə gələcəyimizə inamla gedirik. Bu yolda hər birimizə vətən naminə uğurlar və yeni nailiyyətlər arzu edirəm.
ZÜMRÜD BAYRAMOVA
Bütün Polşa onun haqqında danışır...