İyunun 10-da Muzey Mərkəzində "Bakı-2015" ilk Avropa Oyunları münasibətilə görkəmli Azərbaycan rəssamlarının əsərlərindən ibarət "Avropa haqqında düşüncələr" adlı sərgi keçiriləcək. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan sərgidə görkəmli Azərbaycan rəssamlarının Azərbaycan Dövlət Rəsm Qalereyasının Fonduna aid olan əsərləri təqdim olunur. Onların arasında Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Lətif Feyzullayev, Əyyub Hüseynov, Nəcəfqulu İsmayılov, Davud Kazımov, Nadir Qasımov, Ağa Mehdiyev və digər görkəmli rəssamların adlarını qeyd etmək lazımdır.
Nazirlikdən verilən məlumata görə, sərginin təşkilində əsas məqsəd Azərbaycan Dövlət Rəsm Qalereyasının Fondunda illər ərzində toplanmış, son dərəcə böyük bədii dəyərə malik olan əsərlərin həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə təqdim etməkdən ibarətdir.
20-ci əsr Azərbaycan incəsənətinin tarixinə nəzər salsaq, görərik ki, rəssamlarımızın xarici ölkələrə, o cümlədən Avropa ölkələrinə yaradıcılıq səfərləri və həmin səfərlərin sonunda Bakıda təşkil olunan hesabat sərgiləri böyük bir hadisəyə - əsl sənət bayramına çevrilirdi. Bu bir ənənə olmaqla bərabər, həm də böyük məsuliyyət demək idi. Xaricə səfər edən rəssamlar oradan böyük əsərlərin yaradılması üçün bir vəsilə, ilkin material rolunu oynayan onlarla etüdlərlə geri dönürdülər. Həmin əsərlər özündə böyük təəssüratları əks etdirməklə yanaşı, eyni zamanda Azərbaycan rəssamının düşüncəsindəki, xəyalındakı Avropa ilə gerçəkliyin təsvir müstəvisində əksi demək idi. Məhz buna görə də bu sərgi "Avropa haqqında düşüncələr" adlanır.
Nümayiş olunan əsərlər son 20 ildə demək olar ki, heç bir sərgiyə çırxarılmamışdır. Eyni zamanda, sərgidə nümayiş olunan əsərlər ayrı-ayrı müəlliflərin sərgisində nümayiş olunsa da, onlar uzun müddətli fasilədən sonra müxtəlif rəssamların seçilmiş əsərlərinin vahid kolleksiyası kimi ilk dəfə geniş tamaşaçı auditoriyasına təqdim olunur.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...