PDF Oxu

Mədəniyyət

  • 1 082

Azərbaycan Konqreslər Bürosu M&I Forumunda iştirak edib

Azərbaycan Konqreslər Bürosu M&I Forumunda iştirak edib
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu növbəti M&I Forumunda (Görüş və Təşviqat Forumu) iştirak edib. Mədəniyyət və turizm nazirliynin mətbuat xidmətindən aldığımız məlumata istinadən, Şotlandiyanın Edinburq şəhərində açılan M&I Avropa Yay Forumu beş gün davam edib, Avropanın bütün ölkələrindən 350-dən çox alıcını bir araya gətirib.

Tədbirdə ölkəmizə qarşı olan diqqəti nəzərə alsaq demək olar ki, Avropa ölkələrinin yeni görüş məkanı kimi Azərbaycana marağı sürətlə artır. "Bakı-2015" ilk Avropa Oyunlarının və Avroviziya mahnı müsabiqəsinin ölkəmiz haqqında məlumatlandırılma istiqamətindəki rolu xüsusilə nəzərə çarpır.

Tədbirdə büronu satış və marketinq üzrə menecer Anar Nərimanov və JW Marriott Absheron Baku mehmanxanasının nümayəndəsi təmsil edib. Forum çərçivəsində büro peşəkar alıcılarla 50-dən çox görüş keçirmək imkanını qazanıb.

M&I Forumları Görüşlər Sənayesi bazarı iştirakçılarına ixtisaslı alıcılar ilə əlaqə yaratmağa və təkbətək görüş və iclasların keçirilməsinə imkan verir. Forum çərçivəsində xüsusi seminar və qruplar fəaliyyət göstərir ki, bu da iştirakçılar arasında səmərəli və möhkəm əlaqələrin qurulmasına yardımçı olur.

M&I Forumları silsiləsinə 3 qitədə keçirilməklə 6 tədbir daxildir və bu tədbirlər zamanı Avropa, Şimali Amerika, Cənubi Amerika və Asiyanın Görüşlər Sənayesi təchizatçıları və peşəkar görüş planlaşdırma şirkətləri hər il orta hesabla 26000-dən çox işgüzar görüş və iclaslar keçirir.

Qeyd edək ki, büro 22-26 noyabr tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək M&I Şərqi Avropa Forumunda iştirak edəcək. Forumun əsas hədəf bazarı Şərqi Avropa ölkələri, xüsusən də Rusiya, Avstriya, Polşa, Çexiya, Serbiya, Slovakiya, Sloveniya və digərləridir.

2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.

ZÜMRÜD