Musiqi xəzinəmizi zənginləşdirən bəstəkar
Görkəmli bəstəkar, Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlov böyük musiqiçilər nəslinin layiqli nümayəndəsidir. O, ötən əsrin 50-ci illərinin ikinci yarısında yaradıcılığa başlayan Azərbaycan bəstəkarlarındandır. Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olan Vasif Adıgözəlov ilk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.
Müəllimi Q.Qarayevin ənənələrini davam etdirərək, V.Adıgözəlov milli incəsənəti müasir musiqi mədəniyyətinin nailiyyətləri ilə zənginləşdirib. V.Adıgözəlovun yaradıcılığı vaxtilə Q.Qarayevin müasir bəstəkarlar haqqında dedikləri sözləri ilə xarakterizə olunur: "Əgər sənətkar öz dövrünün ideyaları və hissləri ilə yaşayırsa və əgər onları öz dövrünün vasitələri ilə əks etdirmək üçün dəqiq və doğru forma tapırsa - bu novatorluqdur. Biz hamımız vasitələr axtarırıq - bunlar adi və qeyri-adi ola bilər. Lakin hal-hazırda hamısı yalnız və yalnız fikri ifadə etmək üçün lazımdır".
Bəstəkar Azərbaycan xalq musiqisinin bütün janrlarının bədii ifadə vasitələrindən və inkişaf prinsiplərindən məharətlə istifadə edib. Xalqımızın muğam sənətinə dərin bələdliyi nəticəsində o, öz əsərlərini milli muğamlarımızdan qaynaqlanan xüsusiyyətlərlə yaddaqalan edib. V.Adıgözəlovun yaradıcılığı müasir Azərbaycan musiqi sənətinin parlaq səhifələrindən birini təşkil edir. Müxtəlif janrlı əsərlərin müəllifi olan bəstəkar "Ölülər", "Natəvan" operaları, üç simfoniya, dörd simfonik poema, beş musiqili komediya, dörd oratoriya, fortepiano üçün 24 prelüd silsiləsi, variasiyalar, simfonik orkestr və xalq çalğı alətləri üçün konsertlər, fortepiano və skripka üçün konsertlər, yüzdən artıq mahnı, romans, teatr və kino musiqisi ilə Azərbaycan musiqi xəzinəsini xeyli dərəcədə zənginləşdirib.
Bəstəkarın mahnı və romans yaradıcılığı nəinki Azərbaycanda, hətta sərhədlərimizdən uzaqlarda da geniş şöhrət tapmışdır. Əlbəttə, bir çox romans və mahnıların dillər əzbəri olması gözəl sənətkarlarımız Rəşid Behbudovun, Mirzə Babayevin, Şövkət Ələkbərovanın, Fidan və Xuraman Qasımovaların, "Qaya" vokal-instrumental ansamblının yüksək ifaçılıq məharəti, incə interpretasiyası ilə bağlıdır. Bəstəkarın romans və mahnıları görkəmli şairlərimizin sözlərinə yazılmışdır. Rəsul Rzanın sözlərinə "Yeddi çinar", Natəvanın sözlərinə "Qərənfil", Əliağa Kürçaylının sözlərinə bəstələnmiş "Ay olmaq istəyirəm" əsərləri dediklərimizə nümunədir.
Fortepiano üçün 24 prelüd silsiləsində V.Adıgözəlovun millilik və ənənəviliyə münasibətini görmək olur. Dünya musiqisində geniş inkişaf tapmış silsilə ənənəsinə müraciət edən bəstəkar, bu ənənələrdən istifadə edərək, silsilə janrını Azərbaycan musiqisində tətbiq etməklə aktual məsələyə toxunub. Müəllifin fortepiano üçün 24 prelüd silsiləsi Avropa musiqi ənənələrinin mənimsənilməsi və onların milli musiqi mədəniyyətində tətbiqi baxımından Azərbaycan fortepiano musiqisinin dəyərli nümunələri sırasındadır.
Milli ənənələrin faydasını, varisliyin mahiyyətini qoruyan, XX əsrin müxtəlif təmayüllərinə dərindən bələd olan sənətkar yeni yazı üsullarından geniş istifadə edir. Burada yeni təfəkkür tipinin nailiyyətləri, fortepianonun qeyri-adi səs çalarları, yeni texniki üsulları, simfonik orkestrin ayrı-ayrı alətlərinin səslənmə xüsusiyyətləri öz əksini tapmışdır.
Beləliklə, parlaq musiqi tematizmini yüksək peşəkarlıqla davam etdirən bəstəkar, fortepiano silsilə janrında yazıb-yaratmış klassiklərin - Bax, Şopen, Qarayev ənənələrini davam etdirərək, müəllifi olduğu fortepiano üçün 24 prelüd silsiləsinə geniş şöhrət və dinləyici rəğbəti qazandırmışdır. V.Adıgözəlov həmçinin, respublikamızın musiqi həyatında əsas simalardan biri olub. Onun musiqiçi-ictimai xadim kimi geniş fəaliyyəti deməyə əsas verir ki, bəstəkar bir vətəndaş və ziyalı kimi bütün yaradıcılığı boyu Azərbaycan musiqi həyatında fəal iştirak edib, uzun illər Bəstəkarlar İttifaqının fəaliyyətinin təşkilinə böyük məsuliyyətlə yanaşıb.
Sənətkarın ifaçılıq, ictimai fəaliyyəti musiqi tariximizdə əhəmiyyətli yer tutur. Azərbaycan musiqi sənətinin parlaq səhifələrini yaradan V.Adıgözəlov yaradıcılığı müasir bəstərkarlar, ifaçılar üçün bir məktəbdir. Bəstəkar milliliyi qoruyub saxlamağa və Avropa ənənələrini musiqidə tətbiq etməklə özünəməxsus irs yaratmağa müvəffəq olmuşdur.
Zümrüd BAYRAMOVA
Bütün Polşa onun haqqında danışır...