Onun sazlı-sözlü bir diyarda, ədəbi-estetik fikrimizə çox güclü şəxsiyyətlər bəxş etmiş yüksək ruhlar diyarı qaim-qədim ellərimizdən Qazaxda doğulub-böyüməsi qeyd etdiyimiz keyfiyyətlərin cilalanmasında öz rolunu oynamışdır. Onun kitabının Səməd Vurğunla başlaması da təsadüfi deyildir. Bu günlər əski sovetlər dövrünü təftişin dəb olduğu bir dövrdə bu görkəmli Xalq şairinin də "bostanına daş atanlar" çoxalmış, nəinki Azərbaycanın, hətta bütövlükdə sovet ədəbiyyatının tanınmış simalarından biri olaraq ona yeni prizmadan, bir qədər də ədalətsiz yanaşmalar hiss edilməkdədir. Bu baxımdan kitabın Səməd Vurğun şəxsiyyətini və sənətini tamamlayan bir yazısıyla başlaması, hətta onun məşhur şeirindən bir misranı əsərə başlıq verməsi məhəlli təəssübkeşlik yox, vətəndaş mövqeyi olaraq çox dəyərli və təqdir edicidir. Onun məşhur "Azərbaycan" şeiri haqqında müəllif yazır: "Milyon dəfə səslənsə də, təkrar oxunsa da təzəliyini, təravətini və qüdrətini itirməyən, oxuduqca, söyləndikcə şirinləşən, çox sadə və böyük məna tutumlu, insanı fəlsəfi düşüncələrə aparan bu sözlərin arxasında nə sirr durur? Bəlkə bu sözlər elə Tanrının Səməd Vurğun vasitəsilə Vətənimizə Azərbaycana, onun vətəndaşlarına olan məhəbbətinin bir təzahürü, ifadə formasıdır. Bilmirəm! Onu bilirəm ki, bu kəlmələr arxasında gözlənən müəmmaların açılmasına ehtiyac vardır və zaman-zaman ədəbiyyatşünaslar, tənqidçilər bu şeirə müraciət edəcəklər".
Poetik və publisistik məna yükü çox dərin olan "Sən bizim ellərin ruhuna bir bax" kitabında müəllif həm də xalq ruhunun poetik ifadəsinin korifeylərindən olan Hüseyn Arif, xüsusi poetik istedadı ilə son iki əsrin qovuşuğunda baş verən ədəbi-estetik transformasiyalar mərhələsinin ustad şairlərindən Nəriman Həsənzadə, son dövr istiqlal poeziyamızın yaradıcılarından Zəlimxan Yaqub və onun əvəzsiz poetik nümunələr həsr etdiyi Ulu Öndərimiz Heydər Əliyev, eləcə də özünəməxsus xarakteri və ədəbi üslubları ilə seçilən Davud və Eldar Nəsiblər, xalq ruhuna köklənmiş poeziyası ilə, həm də mahnılar şairi kimi tanınan Dəmir Gədəbəyli və onun yoluna nəzər saldığı professor Rəhim Mehdiyev, müasir poeziyamızın istedadlı nümayəndələrindən Taleh Həmid, Vətənimizin irfan məskənlərindən olan İncə dərəcəsinin incə ürək sahiblərindən Məmməd Dəmirçioğlu, İbrahim İlyaslı, Fəridə Ləman, Məmməd İlqar, nəhayət, müasir ədəbi tənqidimizin ciddi simalarından olan Rüstəm Kamal, doğma Şuşamızın ətrini özündə ehtiva edən gözəl ziyalı Pərviz Axundzadə haqqında yazılar da təkcə coğrafi zənginliyi ilə deyil, həm də səmimi publisistik ştrixləri ilə bol olan qiymətli publisistik əsərlər olaraq ruhumuzu oxşayır, irfani mədəniyyətin yeni prizmadan dəyərləndirilməsi təsiri bağışlayır.
Kitaba ön söz yazan millət vəkili, akademik Nizami Cəfərov yazır: "..Mən həmişə bu fikirdə olmuşam ki, insan müxtəlif sahələrdə nə qədər böyük qabiliyyət göstərsə də, uğurlar qazansa da, ədəbiyyata incəsənətə laqeyddirsə, onun şəxsiyyəti mükəmməl sayıla bilməz. Çünki ədəbiyyata , incəsənətə məhəbbət insanın mənəvi kamilliyinin birbaşa göstəricisidir".
Bizcə, bu fikirləri kitabın müəllifinə də şamil edən akademik öz qeydlərində çox haqlıdır. Çünki görüb-götürdüyümüz tanınmış simalar, tarixi hadisələr, baş verən ictimai proseslər haqqında qeydlər aparmaq, onları publisistik materiala çevirərək nəşr etdirmək təkcə onların ruhuna ehtiram əlaməti eyil, sözün geniş mənasında əsl fəal vətəndaşlıq mövqeyidir.
Həsən Bayramoğlu,
Dövlət Dəmir Yolu Liseyinin direktoru, fəlsəfə doktoru,
Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki
Bütün Polşa onun haqqında danışır...