PDF Oxu

Mədəniyyət

  • 1 640

Mədəniyyət ocaqlarında təmir-bərpa işləri dünya standartlarına uyğun qurulur

Mədəniyyət ocaqlarında təmir-bərpa işləri dünya standartlarına uyğun qurulur

Azərbaycan Prezidenti Cənab İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında Sərəncam imzalayıb

Azərbaycanın yüksək templə inkişaf edən iqtisadiyyatı bütün sahələrdə nailiyyətlərin əldə olunması ilə yanaşı, ölkəmizdə mədəniyyət sahəsində də uğurların əldə olunmasına gətirib çıxarıb. Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, iqtisadi yüksəliş, sosial, mədəni tərəqqisi ilə seçilən Azərbaycanda həyata keçirilən mədəniyyət siyasəti dövlət proqramları, islahatlar, genişmiqyaslı layihələr əsasında reallaşıb.

Bu gün ölkəmizdə həyata keçirilən mədəniyyət siyasətinin nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən kinoteatrlar, muzeylər, teatrlar və s. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə təmir və bərpa etdirilir. Bildiyimiz kimi, ölkəmizin nadir incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Xalça Muzeyi inşa olundu. Yeni yaradılan bu memarlıq əsəri müasir Azərbaycanın gücünün və inkişafının göstəricisidir. Şəhərimizin mərkəzində, bulvarda Azərbaycan üçün çox böyük dəyər kəsb edən Xalça Muzeyinin açılışı tariximizdən soraq verən xalça sənətinə olan dövlətin diqqətinin bariz nümunəsidir.

Prezident İlhamƏliyevin məlum Sərəncamı əsasında, Bakı şəhərində Nizami kinoteatrının binasında müasir tələblər səviyyəsində bərpa-yenidənqurma işləri aparıldı. Azərbaycanın məşhur memarları M.Useynov və S.Dadaşovun layihələri əsasında 1934-40-cı illərdə tikilmiş kinoteatr istismara verildikdən sonra heç vaxt əsaslı təmir olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2007-ci il tarixli, "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncamına uyğun olaraq aparılan təmir-bərpa işlərinin nəticəsi olaraq dünya standartlarına uyğun qurulub.Qeyd olunan Sərəncama əsasən, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında da təmir və bərpa işləri aparıldı. Binanın daxilində ikinci mərtəbənin foyesi və tamaşaçı zalı rekonstruksiya edilib. Səhnə yenidən qurulub, 4-cü mərtəbədə 2 məşq zalı, 5-ci mərtəbədə isə kiçik tamaşaçı zalı yaradılıb. Təmir-yenidənqurma işləri zamanı Almaniyanın, Türkiyənin, İtaliyanın,ABŞ-ın müxtəlif firmalarının avadanlıq və materiallarından istifadə olunub.

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan kinosunun tarixini əks etdirən kinolentlərin və sənədlərin lazımi səviyyədə mühafizəsinin təmin edilməsi məqsədilə "Azərbaycan kino sənətinin inkişaf etdirilməsi barədə" 23 fevral 2007-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Dövlət Film Fondunun yeni 5 mərtəbəli binası inşa edildi.

Üzeyir Hacıbəyovun ev-muzeyinin inzibati binasında yenidənqurma işlərinin aparılması da ölkə başçısını məlum Sərəncamı ilə həyata keçirildi.

Cənab İlham Əliyev Azərbaycanın mədəniyyət ocaqlarına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Heydər Əliyev Sarayında, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Kukla Teatrında, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında və onlarla belə müəssisədə müasir tələblər səviyyəsində bərpa-yenidənqurma işləri aparıldı.

Mədəniyyət ocaqlarına ayrılan bu diqqət və qayğıya Azərbaycanın istənilən bölgəsində təsadüf olunur. İndi paytaxtla yanaşı, respublikanın hər yerində yerləşən mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Bölgələrdə mədəniyyət ocaqlarının əsaslı təmir olunması, müasir tipli yeni mədəni infrastrukurun yaradılması regionlarda bu sahənin hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır.

Siyəzən şəhər Uşaq İncəsənət Məktəbinin, eləcə də Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin tikilərək istifadəyə verilməsi dövlət mədəniyyət siyastinin məntiqidir.

Bu yaxınlarda isə Lənkəran şəhər Mədəniyyət Mərkəzinin binasında əsaslı yenidənqurma işlərinin aparılması ölkədə mədəniyyət və incəsənətin inkişafına diqqətin daha bir təzahürüdür. Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir işlərinə 2014-cü ilin aprelində başlanılıb və bu ilin aprelində başa çatdırılıb.

Bu gün də bəzi müəssisələrdə bu işlər davam etdirilir. Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı 3 avqust tarixli Sərəncam mədəniyyətə olan diqqətin daha bir nümunəsidir. Xatırladaq ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində XIX əsrin sonu - XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə başlayan Azərbaycan Dram Teatrı 1904-cü ildə rəsmi status, 1934-cü ildə dövlət teatrı statusu almışdır. Azərbaycanın görkəmli mədəniyyət xadimlərindən Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Üzeyir bəy Hacıbəylinin, Cəfər Cabbarlının, Səməd Vurğunun və digər sənətkarların əsərlərinin teatrın səhnəsində işıq üzü görməsi ona müxtəlif regionlarda çoxsaylı pərəstişkarlar qazandırmışdır. Sərəncama əsasən, bu gün bir əsrdən artıq yaşı olan teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5 (beş) milyon manat ayrılıb.

Bu Sərəncam bir daha göstərir ki, Azərbaycan Prezidentinin diqqəti sayəsində mədəniyyət müəssisələri yüksək səviyyədə qayğı ilə əhatə olunub. Təbii ki, mədəniyyət ocaqlarının yüksək səviyyədə təmir olunması yaradıcı kollektiv üzərinə daha böyük məsuliyyət qoyur. Onların yaradıcılıq imkanlarının daha qabarıq şəkildə meydana çıxmasına stimul verir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər