Müasir dövrümüzdə Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınması, müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilir. Həyatımızın bütün sferalarında, o cümlədən, mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilir və reallaşdırılır. Dövlət aparatının, təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər göstərilir. Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas sahələrini - maddi istehsal, sosial-siyasi münasibətlər, mənəvi inkişaf, məişət, insanlar arasında qarşılıqlı əlaqə sahələrini səciyyələndirir.
Müasir dünyamızda qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni prizmadan yanaşılır, müxtəlif münasibətlər bildirilir. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biri olduğundan Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun quraraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dinimizə, dilimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.
Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən mədəniyyət siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələrin inkişaf etdirilməsinə də şərait yaradır. Mədəniyyət sahəsində siyasət müstəqillik dövründə təkcə bizim deyil, həm də digər dünya dövlətlərinin siyasətinin tərkib hissəsinə çevrilmişdir. Mədəniyyət siyasəti sahəsində qazanılan nailiyyətlər sübut edir ki, Azərbaycan dövlət müstəqilliyi getdikcə möhkəmləndirilməkdə, respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha da sürətlə inkişaf etməkdədir. Dövlətçiliyin təməlinin, milli varlığın özülünün, əsasının mədəniyyətə bağlı olduğundan Ümummilli Liderimiz Heydər Əliyev 13 avqust 2001-ci il tarixli bəyanatında bildirmişdir: "Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir". Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasi-mədəni xəttin layiqli davamçısı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin inamla və sədaqətlə həyata keçirməkdə olduğu mədəniyyət siyasətinin uğurlu nəticələri və perspektivləri bu gün artıq göz önündədir.
1993-2003-cü illər ərzində yeni mədəniyyət siyasətinə uyğun olaraq dövlət tərəfindən çoxsaylı və mühüm əhəmiyyətli işlər görülüb. Mədəniyyət siyasətinin həyata keçirilməsinin ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasına ciddi diqqət yetirilib. Bir sıra qanunlar, "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Muzeylər haqqında", "Memarlıq fəaliyyəti haqqında", "Arxiv fondu haqqında" qanunlar Milli Məclisdə qəbul edilərək, ölkə Prezidenti tərəfindən təsdiqlənib. Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında", "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında", "Arxeoloji irsin qorunması haqqında" konvensiyalara qoşulub. 1997-ci ildə Mədəniyyət haqqında Avropa Konvensiyasını ratifikasiya etdikdən sonra Azərbaycan Avropa Şurasının Mədəniyyət və Siyasəti üzrə Departamenti ilə də yaxından əməkdaşlıq edir. Nəticədə bir sıra maraqlı proqramlar həyata keçirilib.
Mədəniyyət siyasətinə müvafiq olaraq yaradıcı xadimlərə dövlət köməyi də nəzərdə tutulub, o cümlədən, Azərbaycan Prezidentinin Sərəncamına əsasən onlara fərdi pensiyalar, dövlət mükafatları, fəxri adlar, gənc yazarlara isə təqaüdlər verilir. Dövlət səviyyəsində Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərinin yubileyləri və əlamətdar hadisələrin təntənəli qeyd edilməsi, beynəlxalq səviyyəli festival, müsabiqə və konfransların keçirilir.
Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlıq edir. Bunun nəticəsi olaraq 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi "İçərişəhər", "Şirvanşahlar" sarayı və "Qız Qalası" Ümumdünya Mədəni İrs siyahısına daxil edilib.
2004-cü ildən başlayaraq, ölkənin mədəni həyatının tənzimlənməsində, mədəniyyət siyasətinin səmərəli həyata keçirilməsində dövlət orqanları ilə birlikdə qeyri-hökumət təşkilatları, ilk növbədə Heydər Əliyev Fondu yaxından iştirak edir.
Ulu Öndərin siyasi məfkurəsini əks etdirmək, yaratdığı milli dövlətçilik ideyalarını, azərbaycançılıq ideologiyasını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılan fond ötən 11 il ərzində öz məqsədyönlü, gərgin və səmərəli fəaliyyəti ilə Azərbaycanın ictimai və mədəni həyatında son dərəcə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sambalına görə ölkəmizdə analoqu olmayan qurum olduğunu açıq şəkildə sübuta yetirib.
Heydər Əliyev Fondu xalqımızın Böyük Oğlu Heydər Əliyevin siyasi irsini öyrənmək, onu təhlil, tədqiq və təbliğ etməkdən başlamış, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirir, sosial problemlərin həllinə, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına öz töhfəsini verir. Bununla yanaşı, fond mədəniyyətimizin geniş təbliği, mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə yardımçı olmaq, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Ölkəmizin beynəlxalq nüfuzunun artırılması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması da əsas vəzifə olaraq qarşıya qoyulub. Sağlam həyat tərzini təbliğ etmək, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyada inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanmasına dəstək verməklə genişmiqyaslı fəaliyyətini uğurla davam etdirir.
Cəmiyyətin ardıcıl surətdə demokratikləşməsi, ölkənin dünya birliyinə inteqrasiyası, mədəniyyətin bəşər inkişafının ayrılmaz faktoru kimi dərk olunması, qəbul edilməsi, zaman ötdükcə güclənməsi bu sahənin uğurlarından xəbər verir.
Zümrüd BAYRAMOVA
Bütün Polşa onun haqqında danışır...