PDF Oxu

Mədəniyyət

  • 1 670

"Bəxtiyar Vahabzadə - 90" kitab sərgisi

"Bəxtiyar Vahabzadə - 90" kitab sərgisi
Azərbaycan Prezidentinin məlum Sərəncamı ilə Bəxtiyar Vahabzadənin 90 illik yubileyi mədəniyyət idarələrində, təhsil ocaqlarında qeyd olunur

Dünən Milli Kitabxanada Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş "Bəxtiyar Vahabzadə - 90" adlı geniş kitab sərgisinin açılışı oldu.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına müvafiq olaraq bütün mədəniyyət idarələrində, təhsil ocaqlarında həmişəyaşar şairə həsr olunmuş tədbirlərin keçirildiyini diqqətə çatdırdı. O, Bəxtiyar Vahabzadənin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış biblioqrafiyasının bu yaxınlarda çap olunacağını bildirdi.

K.Tahirov müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə yaradıcılığının bədii fikrimizin zənginləşməsində mühüm rol oynadığını bildirdi. Böyük söz ustası xalqımızın yüzillər boyu təşəkkül tapmış yüksək milli- mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb- yaratmışdır. O, azərbaycançılıq məfkurəsi ilə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr vermişdir. K,Tahirov Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində dayandığını qeyd etdi. Onun əsərlərində keçmişimiz də, bu günümüz, gələcəyimiz də, sevincimiz, kədərimiz də əks olunub.

Natiq çıxışında Bəxtiyar Vahabzadənin respublikamızın hüdudlarından uzaqlarda ölkəmizi layiqincə təmsil edərək, milli mədəniyyətimizin təbliği və ədəbi irsimizin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəmədiyini iştirakçıların nəzərinə çatdırdı.

Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyətinin də zəngin və təqdirəlayiq olduğunu bildirən K.Tahirov xalqımızın həyatının ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə əsl vətənpərvər ziyalı mövqeyi nümayiş etdirdiyini bildirdi.

Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, şair, tərcüməçi Vaqif Bəhmənli Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun qüvvətlənməsində və sənətkarlıq imkanlarının genişlənməsində Bəxtiyar Vahabzadənin müstəsna xidmətlərini vurğuladı.

Özünün hərtərəfli parlaq yaradıcılığı ilə xalqımızın dərin məhəbbətini qazanmış Bəxtiyar Vahabzadə yaradıcılığının el ədəbiyyatından qaynaqlandığını bildirən natiq dilimizin poetik imkanlarından məharətlə bəhrələnən şairin fəlsəfi məzmunlu lirikanın gözəl nümunələrini yaratmağa müvəffəq olmuşduğunu söylədi. Mənəvi ucalıq, dünya və zaman, təbiət və insan həyatının mənası haqqında düşüncələrlə zəngin poeziyası ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır. O, çıxışında B.Vahabzadənin gənc şairlərə xüsusi qayğı göstərməsindən danışdı.

Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Elaydy Vahabzadə yaradıcılığına qısa nəzər salaraq, onun yaradıcılıq xüsusiyyətlərinin özünəməxsusluğunu vurğuladı. Sonda tədbir iştirakçıları şairin yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış oldular.

ZÜMRÜD