PDF Oxu

Mədəniyyət

  • 4 249

Ana həsrəti....

Ana həsrəti....

Ana! Bu kəlmə hər bir insan övladı üçün həyat qədər əziz, ömür qədər mənalıdır. Ana - səni həyata bəxş edən və həyatı da canlandıran ali varlıqdır. Çox zaman bu əziz insanın həyatmızda, ömrümüzdə olan payını ifadə etmək, bizlər üçün çox çətin, çox məsuliyyətli olur. Çünki ana sevgisi, ana həsrəti adi sözlə ifadə edilməyəcək qədər uca və əzəmətlidir. Bəşəriyyətin ən dahi insanları hər zaman öz fikirlərində müqəddəs ANA kəlməsini ilk sırada çəkiblər, ona dəyər veriblər. Təsadüfi deyildir ki, analara ən yüksək qiyməti də Məhəmməd peyğəmbər (s.ə.s.) verib: "Cənnət anaların ayaqları altındadır". Bu cənnət varlığı, insan ömründə elə silinməz, elə əbədi iz buraxır ki, o insanın özü ilə bərabər əbədiyyətə qədər davam edir. Bu gün sizə bir anadan, əsl ana sevgisindən danışacayıq.

Üzü nurlu, analıq hissləri ilə zəngin Xanım anadan. 67 illik keşməkeşli və o qədər də əsl analıq ucalığına yüksələn, ailəsinin, uşaqlarının keşiyində duran mərd və nurani bir insanı sizə təqdim edəcəyəm. Ömrünün 67-ci ilində bu işıqlı dünyaya göz yuman, amma gözəl əməlləri, nurlu siması ilə təkcə övladlarının deyil, onu tanıyan hər kəsin qəlbində əbədi hörmət və sevgi izləri qoyan bir insan...

Xanım ana, imanlı qadın kimi tanınmaqla yanaşı, həm də el-obada hamının dərin hörmət bəslədiyi ağbirçək insan idi. Hər kəs onu gözəl insan olmaqla yanaşı, imanlı el ağbirçəyi kimi də yanıyırdı. O, övladlarına təkcə analıq etmədi, həm də ata qədər onlar üçün böyük dayaq idi. Həm atalıq, həm analıq missiyası, hər qadının həyatda daşıyacağı yük deyil. Bu ağır yükü ancaq qəlbində Allah və insanlıq sevgisi olan əzmkar analar daşıya bilər.

Lakin amansız xəstəlik bu ağbirçək ananın arzularını da yarımçıq qoydu. Demək olar ki, son dörd-beş ay ərzində xəstəlik onun sağlamlığını ciddi şəkildə sarsıtmışdı. Oğlu Zaur qeyd edir ki, xəstəliyinin ən amansız vaxtında belə Xanım ana ağır xəstəliyini unudaraq, ətrafdakı hər kəsə təsəlli verməyə, onlari sakitləşdirməyə çalışırdı. Ömrünün son dəqiqələrində belə Allaha zikr edir, namazını bir an da olsun keçirmirdi. Nurli siması ilə onu yoluxmağa gələn hər kəsə ürək-dirək verirdi. Həm də onu haqlayan amansız xəstəliyin onun ömrünü şam kimi əritdiyini bilə-bilə...

Ana borcunu heç vaxt qaytarmaq olmur. O borc, ömrümüz boyu bizim çiyinlərimizdədir. O borcu anamıza olan sevgimizlə, gözəl əməllərimizlə ödəyə bilərik ancaq. Böyük şairimiz Əli Kərim gözəl yazıb bu barədə:

"Deyirəm ki, o boyu, buxunu qaytar geri,

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu, gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar onun borcunu, o borc sənin özünsən, özünü qaytar geri!"

Ömrünün son beş ayı, onun həyatında çox mürəkkəb keçdi. Ağır və amansız xəstəlik, son bir ay ərzində Xanım ananın səhhətini kəskin dəyişdi. Bir insanın bu azacıq zaman kəsiyində necə dəyişməsi, onun doğmalarının, xüsusi ilə oğlu Zaurun gözləri qarşısında baş verdi. Bir ananın şam kimi əriməsini öz gözləri ilə görmək, bir oğul üçün dəhşətli mənzərədir. Zaur deyir ki, anası dünyasını dəyişməmişdən bir neçə gün əvvəl, yuxuda Xanım ananın şam şəklində yanıb əridiyini görüb. Deyir ki, həmin yuxunu görəndən cəmi iki ay sonra, Xanım ana amansız xəstəliyin qurbanına sevrildi. Bu gözəl, məsum çöhrəli insan, yuxularda olduğu kimi, şam kimi əriməyə başladı. Avqustun birində həyatla vidalaşdı Xanım ana.

Onun ölümü, əslində neçə-neçə insana həm də bir ana həsrəti də yadigar qoyub getdi. Təkcə övladlarının deyil, həm də onu tanıyanların, el-obanın timsalında. Daima Allahına zikr edən, hələ gənclik vaxtlarından oruc tutub-Quran oxuyan bu nurani insan, həyatdan da namaz üstündə köçdü. Ruhun şad, məkanın cənnətlik olsun, Xanım ana...

MƏTLƏB

Digər xəbərlər