Qeyri-neft sahələri arasında prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünəməxsus resurslara və potensiala malikdir. Sözügedən sahə üzrə bu günə qədər həyata keçirilən dövlət proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritetləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olub. Ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir.
Turizm sahəsində əməkdaşıq haqqında Hökumətlərarası Sazişlər də turizmin inkişafına təsirini göstərməkdədir. Belə ki, son illər ərizində Azərbaycanla Moldova, Belarus, Qətər, Yunanıstan, Qazaxıstan, İordaniya, Fransa, Tacikistan, Misir və Litva Respublikası və başqa ölkələr arasında turizm sahəsində əməkdaşlıq haqqında sazişlər bağlanmışdır. İmzalanmış sazişlərin müddəalarının həyata keçirilməsi ilə əlaqədar mütəmadi olaraq tədbirlər görülüb və digər ölkələrlə turizm sahəsində ikitərəfli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparır. Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirir. Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin Turizm Şurası, Demokratiya və İqtisadi İnkişaf Naminə - GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı s. beynəlxalq təşkilatlarla Azərbaycan arasında təklif və layihələr hazırlanıb. Ən əsası isə Azərbaycan Ümumdünya Turizm Təşkilatının üzvü kimi təşkilat tərəfindən təşkil edilən bir çox tədbirlərdə, o cümlədən Baş Assambleyalarda, Avropa üzrə Komissiyanın iclaslarında, tədris kurslarında və seminarlarda iştirak edir.
Bu gün müasir turizm sənayesinin iqtisadi, sosial, ekoloji və digər tələblərə cavab verməsi, eləcə də davamlı inkişafının təmin edilməsi dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün "Turizm haqqında" yeni Qanun layihəsinin hazırlanması turizmin daha da inkişaf etdirilməsinə yönəldilib. Ümumdünya Turizm Təşkilatının və Avropa İttifaqının "Tvininq" layihəsinin ekspertlərinin təklif və tövsiyələrinin yer aldığı "Turizm haqqında" yeni Qanun layihəsində müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini tapıb.
Qanun layihəsində institusional yeniliklər kimi, turizm və rekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizm informasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsi və s. müddəalar yer alıb.
Həmçinin, tənzimləyici yeniliklər kimi, turizm sahəsində qanunvericilik maddəsinin genişləndirilməsi, korporativ idarəetmə standartlarının hazırlanması və onların turizm sahəsində dövlət tənzimləməsinin əsas prinsiplərdən biri kimi müəyyən edilməsi, dövlət turizm reyestrinin yaradılması və aparılması Qanun layihəsində əksini tapıb. Turizm sahəsində fəaliyyət və xidmət növlərinin yeni təsnifatının nəzərdə tutulması, turizm və yerləşdirmə fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, turizm sahəsində bağlanan əqdlərin təsnifatının verilməsi, turizm təhlükəsizliyi konsepsiyasının hazırlanması və həyata keçirilməsi və s. müddəalarda yer alıb.
Qeyd olunan Qanunun tətbiqi Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi, turizm sahəsində biznes proseslərinin səmərəli idarə olunması, dövlət tərəfindən turizm fəaliyyətinin tənzimlənməsi və turizm sənayesinə verilən dəstəyin artırılmasında geniş imkanlar yaradacaqdır.
Hazırda qanun layihəsi aidiyyəti qurumlarla razılıq mərhələsindədir.
ZÜMRÜD