PDF Oxu

Mədəniyyət

  • 1 446

Üzeyir Musiqi Günü proqramı ilə zəngin olacaq

Üzeyir Musiqi Günü proqramı ilə zəngin olacaq

Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il dahi bəstəkarın doğum günü ölkəmizdə musiqi bayramı kimi qeyd olunur. Bu münasibətlə konsertlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.

2009-cu ildən başlayaraq Üzeyir Musiqi Günündə həmçinin Azərbaycan professional musiqisinin banisinə həsr olunmuş beynəlxalq musiqi festivalına start verilir. Ötən illərdə festival müxtəlif ölkələrdən musiqiçiləri, kollektivləri bir araya gətirərək incəsənət aləmində böyük əks-səda doğurub.

18-28 sentyabr 2015-ci il tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Milli Kitabxanada mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən iclasda dahi bəstəkarın yubileyinə və beynəlxalq festivala hazırlıqla bağlı məsələlər müzakirə olunub. Nazirliyin müvafiq şöbələrinin rəhbərlərinin, festivalda iştirak edəcək teatr-konsert müəssisələrinin, təhsil ocaqları və yaradıcı ittifaqların, musiqi kollektivlərinin bədii rəhbərlərinin qatıldığı iclasda tədbirlə bağlı təşkilati məsələlərə baxılıb.

Qeyd edək ki, festivalla bağlı Mədəniyyət və Turizm Nazirliyində müvafiq əmr imzalanıb və sənəddə tədbirlər planı, eləcə də digər məsələlər əksini tapıb.

Ümumilikdə, 30-dan artıq tədbirin reallaşacağı festivalda bir sıra ölkələrdən musiqiçi və solistlər də iştirak edəcək və bununla bağlı müvafiq məsələlər öz həllini tapıb. Müxtəlif konsertlər, görüş və elmi müzakirələr, simpozium və sərgilərlə zəngin olan festival paytaxtla yanaşı, bölgələrdə də keçiriləcək.

18 sentyabr - Üzeyir Musiqi Günündə festivalın iştirakçıları ilk olaraq Fəxri xiyabana baş çəkəcək, daha sonra tədbir Milli Konservatoriyanın qarşısında davam edəcək. Sonra iştirakçılar Milli İncəsənət Muzeyinin həyətində "Güllələnmiş heykəlləri" - Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün doğma vətənləri Şuşadan gətirilmiş büstlərini ziyarət edəcəklər.

Üzeyir Musiqi Gününə həsr olunmuş növbəti tədbir bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında baş tutacaq. Burada Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri konsert proqramı ilə çıxış edəcək.

Tədbirlər silsiləsi Üzeyir Hacıbəylinin ev-muzeyində davam etdiriləcək. Günün əsas tədbiri isə Heydər Əliyev Sarayında reallaşacaq. Beynəlxalq musiqi festivalının açılışı və Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində hökumət rəsmiləri, xarici və yerli qonaqlar iştirak edəcəklər.

Respublikanın əsas musiqi və teatr kollektivlərinin iştirakı ilə hazırlanan zəngin yubiley proqramı ilə yanaşı, qonaqlar sarayın foyesində bəstəkarın həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə də tanış olacaqlar.

Bütün bunlarla yanaşı, sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Rusiya Saksofon Kvartetinin, Azərbaycan Dövlət Filarmoniyasında Liyepaya Simfonik Orkestrinin (Latviya) konsertləri, Azərbaycan Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin "O olmasın, bu olsun" ikihissəli musiqili komediyasının, Akademik Opera və Balet Teatrında isə bəstəkarın "Leyli və Məcnun" operasının nümayişi olacaq.

Nazirliyin məlumatında o da vurğulanır ki, festivalın üçüncü günündə musiqisevərlər Azərbaycan Dövlət Filarmoniyasında Liyepaya Simfonik Orkestrinin konsertinə, Musiqili Teatrda bəstəkarın "Ər və arvad" operettasına tamaşa etmək imkanı qazanacaqlar.

Beynəlxalq festivalın təntənəli bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Gecədə Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor Rauf Abdullayev, solist Murad Adıgözəlzadə) konsert proqramı təqdim olunacaq.

ZÜMRÜD

Digər xəbərlər