PDF Oxu

Mədəniyyət

  • 1 347

Kolumbiyanın Medellin şəhərində BMÜTT-nin Baş Assambleyasının 21-ci Sessiyası işinə başlayıb

Kolumbiyanın Medellin şəhərində BMÜTT-nin Baş Assambleyasının 21-ci Sessiyası işinə başlayıb

Kolumbiya Respublikasının Medellin şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının əsas orqanı olan və hər iki ildən bir keçirilən Baş Assambleyanın 21-ci Sessiyası işinə başlayıb.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibinə ölkəmizin Kolumbiyada akkreditasiya olunmuş səfiri İlqar Muxtarov, Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov, Nazirliyin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin əməkdaşı Ramil Abbəkirov daxil edilib.

Tədbirin ilk günlərində BMÜTT Avropa üzrə Regional Komissiyanın 59-cu İclası və İcraiyyə Şurasının 101-ci Sessiyası baş tutub. Qeyd olunub ki, Azərbaycan hazırda İcraiyyə Şurasının üzvüdür və Şuranın iclaslarında səsvermə hüququna malikdir.

Avropa üzrə Regional Komissiyanın 59-cu iclasında təşkilatın müxtəlif komitələrinə üzvlər seçilmiş, eləcə də İcraiyyə Şurasında təmsil ediləcək ölkələr müəyyən edilmişdir. İcraiyyə Şurasına rəhbərliklə bağlı səsvermə 17 sentyabr tarixində baş tutacaq. Bununla bağlı ölkəmiz namizədliyini irəli sürmüşdür.

Məlumat üçün bildirək ki, İcraiyyə Şurasının bundan öncəki 2015-ci ilin 28-29 may tarixində Xorvatiyanın Rovinj şəhərində keçirilən 100-cü sessiyasında Azərbaycan böyük uğura imza atmışdır. Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirak etdiyi sessiyada Azərbaycan Respublikasının təklif etdiyi "Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması" qətnaməsi ilə bağlı geniş müzakirələr aparılmış və nəticədə Şura üzvlərinin dəstəyi ilə qərar mətni qəbul edilmişdir. Qərarda bütün turizm fəaliyyətləri Turizm üzrə Qlobal Etik Kodeksinə, həmçinin BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının müvafiq etik prinsiplərinə uyğun həyata keçirilməli olduğu vurğulanıb.

ZÜMRÜD

Digər xəbərlər