İtaliyanın "Turizmo" portalı meqapolisə çevrilən Bakının sürprizlərlə dolu şəhər olduğunu yazır
Azərbaycanın dinamik inkişafı, ölkədə sülhün, əmin-amanlığın hökm sürməsi paytaxt Bakının panoramasına təsirsiz qalmamışdır. Dövlət tərəfindən mədəni irsə böyük diqqət və qayğı ilə yanaşıldığından paytaxt şəhərdə Azərbaycanın Prezidenti İlham Əliyevin Sərəncamına əsasən bir sıra tarixi komplekslər, nadir qurğular və təbiət yerləri dövlət tarixi-memarlıq, etnoqrafik, tarixi-mədəni qoruqlar elan edilmişdir. Dünyanın ən gözəl şəhərləri sırasında yer alan paytaxt Bakı simasını nəzərəçarpacaq dərəcədə dəyişib. Burada inşa olunan ticarət mərkəzləri, mehmanxanalar, yeni salınan çoxmərtəbəli binalar, turizm obyektləri qədim tikililərlə çox uyuşur.
Bakının mərkəzində yerləşən qədim qala - İçərişəhərdə aparılan bərpa işləri zamanı buranın hər parça daşına belə həssaslıqla yanaşılmış, tarixi görkəmi əsrlərin yaddaşından soraqlar verir. Bu tarixi məkan YUNESKO-nun Ümumdünya İrsi Siyahısına salınmış yaşayış məhəlləsi və tarixi-memarlıq qoruğudur. Açıq havada yerləşən bu nadir muzeydə müxtəlif dövrləri əhatə edən 50-dən çox tarixi və memarlıq abidələri vardır. Şirvanşahlar Sarayı, Qız Qalasını, Sınıq Qala Minarətini və digər məkanları bu tarixi abidələr sırasında hallandırmaq mümkündür.
Bakının ən möhtəşəm və sirli abidələrindən sayılan Milli Dənizkənarı Parkın qənşərində yerləşən məşhur Qız Qalasıdır. Xarici turistlərin çoxu Bakıya gələrkən mütləq bu qədim abidənin üstünə çıxaraq buradan dənizi seyr edirlər. Qız Qalasının yaxınlığında, İçərişəhərin mərkəzində Azərbaycan memarlığının ən böyük abidəsi olan Şirvanşahlar Sarayı yerləşir. Bu abidə bütöv bir memarlıq ansamblıdır, kompozisiya və planlaşdırılmasına görə onun dünyada analoqu yoxdur.
Paytaxtın qonaqlarında Suraxanı qəsəbəsində yerləşən XVII əsrin atəşpərəstlər məbədi - "Atəşgah" da böyük maraq doğurur. O, qayanın üzərində durur, burada yerin altından çıxan qaz sayəsində min illərlə od yanmışdır. Məhəmmədli kəndinin yanında indi də qayanın altından yanan təbii qazın çıxmasını görmək olar. Bu yeri "Yanar dağ" adlandırırlar. Qədimlərdə Abşeronda belə yerlər çox olmuşdur. Tarixi memarlıq abidələrindən söz açarkən Bakının tarixinə bir rəng əlavə edən özünün qayaüstü təsvirləri ilə dünyada məşhur olan Qobustanın adını vurğulamamaq mümkün deyildir. Qobustanın qayaüstü rəsmlərinin mədəni landşaftı YUNESKO-nun Dünya Mədəni İrsi Abidələri Siyahısına salınması elə bu abidənin daş kitabələrdən olduğunu ehtiva edir. Bəli, Bakı bu və ya digər tarixi abidələri ilə möhtəşəm hesab edilən bir məkandır. Onun hər bir əsri bu kitabələrdən oxunur. Dünyanın aparıcı mətbuatı da məhz bu rəngarəng, qədim məkandan söz açdıqca tükənmir. Bakının möhtəşəmliyindən, onun turizm imkanlarından yazan İtaliyanın "Turizmo" portalı da Xəzərin sahilində yerləşən, meqapolisə çevrilən Bakının sürprizlərlə dolu və özünəməxsus şəhər olduğunu maraqlı dəlillərlə oxucusuna təqdim edir. Məqalədə göstərilir ki, Şərqin ən qədim və önəmli şəhərlərindən biri hesab olunan kosmopolit şəhər keçmişlə gələcəyin vəhdətini fərqli şəkildə əks etdirir. Müəllif yazır:"Bakıda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhər ilə yanaşı, müasir tikililər, yeni yeraltı keçidlər, bir çox xarici turistləri cəlb edən digər müasir məkanlar mövcuddur". Müəllif Bakıya səfər etmək niyyətində olan turistlərə qədim qala divarları ilə əhatə olunan, dar və mənzərəli küçələri ilə gözoxşayan İçərişəhəri kəşf etməyi məsləhət görür. Eyni zamanda, burada yerləşən Qız Qalasının, Şirvanşahlar Sarayının və digər önəmli abidələrin tarixindən də bəhs edir. Yazıda, həmçinin Azərbaycanda fəaliyyət göstərən muzeylər barədə məlumat verilir. Bildirilir ki, muzeylər bu ölkənin incəsənəti, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə yaxından tanış olmaq istəyən turistlər üçün yaxşı imkan yaradır.
Bu gün tarixi abidələri ilə harmoniya təşkil edən müasir Bakının yeni rəmzlərinin meydana gəldiyini də xüsusi qeyd etməliyik. Qədim tarixi və müasir stilli görünüşü bu şəhəri turist xəritəsində özünəməxsus istiqamət kimi bərqərar edib. Azərbaycan paytaxtındakı neft bumu Xəzər sahilində yerləşən bu əzəmətli şəhərə böyük zənginlik və yeni imkanlar bəxş edib.
Son dövrlərdə Azərbaycanda möhtəşəm tikinti layihələri diqqəti cəlb edir. Maraq kəsb edən layihələrə misal olaraq, xarici görünüşü ilə alovu xatırladan, 190 m hündürlükdə olan və bir binasında "Fairmont" hotelinin yerləşdiyi Alov Qüllələri və layihəsi dünyaca məşhur memar Zaha Hadid tərəfindən hazırlanmış Heydər Əliyev Mərkəzinin dalğavari ağ binasını göstərmək mümkündür. Şəhərdə "Four Seasons", "Hilton Baku" və "Kempinski Badamdar" kimi beynəlxalq nüfuza malik otellər fəaliyyət göstərir. Bununla yanaşı, 33 mərtəbəli və yelkən formasında inşa edilən "Trump International Hotel & Baku Tower"in binası da bu möhtəşəm tikililər siyahısına əlavə olunub.
Azərbaycanın paytaxtı Bakının diqqətəlayiq yerlərinin siyahısında Dövlət Bayrağı Meydanını da vurğulamalıyıq. Dünyada ən iri bayrağını, eləcə də funikulyoru burada görmək mümkündür.
Bütün bu və ya digər amillər Bakını dünyada turizm məkanı olaraq tanıdıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün Polşa onun haqqında danışır...