Dünən IV Bakı Beynəlxalq kitab Sərgi-Yarmarkasına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda 3 gün davam edəcək tədbir çərçivəsində keçiriləcək görüşlər, aparılacaq müzakirələr, təqdimatlar barədə geniş məlumat verildi. Qeyd edək ki, IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında müxtəlif ölkələrin nəşriyyat-poliqrafiya müəssisələri təmsil olunur.
Mədəniyyət və Turizm Nazirliyinin Kitab Dövriyyəsi və Nəşriyyatlarla İş şöbəsinin baş məsləhətçisi Elbəy Əli sentyabrın 16-da start götürən sərginin Azərbaycanda keçirilməsini kitaba və kitab nəşriyyatına dövlətin dəstəyinin nəticəsi olduğunu bildirdi. Qeyd etdi ki, artıq dördüncü dəfədir ki, Azərbaycan belə beynəlxalq sərgiyə ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən kitab biznesi ilə məşğul olanlar bir araya gələcək. Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarkada Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, Bosniya və Herseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya və Yunanıstandan nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumların iştirak edəcəyi budəfəki sərgidən gözləntilərin çox olduğunu bildirdi. O, qeyd etdi ki, dünyanın ən zəngin və ən böyük kitabxanalarının iştirak edəcəyi sərgidə bir sıra böyük kitab nəşriyyatları da təmsil olunacaq:"Sərgidə istənilən qurum öz məhsullarının yayımını sərbəst şəkildə təşkil edə bilər. Əvvəlki sərgilərdən fərqli olaraq, bu dəfə iştirak edən bütün nəşriyyatlara tam sərbəst proqramlarla çıxış etmək imkanı verilib. Bütün sərgi-yarmarkanın iştirakçıları istədikləri vaxt imza mərasimləri, yazıçılarla görüş təşkil edə biləcəklər".
Konfransda çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli iki ildən bir təşkil olunan sərginin coğrafiyasının daha da genişləndiyini diqqətə çəkərək, bu kitab sərgi-yarmarkasına ildən-ilə marağın artdığını vurğuladı. V.Bəhmənli bildirdi ki, əvvəlki illərdən fərqli olaraq iştirakçıların sayında da çoxalma müşahidə olunur. Belə ki, iki il bundan əvvəl sərgidə 60 yerli, 15 xarici təşkilat iştirak edirsə, bu il 100 yerli, 30 xarici təşkilat iştirak edir. Həmçinin sərgi - yarmarkada kitabların nümayişi ilə yanaşı, satışı da təşkil ediləcək. Onu da bildirdi ki, kitabların qiymətləri də adi vaxtlarda olduğundan xeyli ucuz olacaq.
Vurğulayaq ki, üç gün davam edəcək sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə kitabxanaları arasında əməkdaşlıq sazişinin imzalanması, musiqili təqdimatlar, ALISA proqramının nümayişi nəzərdə tutulub.
NƏZAKƏT
Bütün Polşa onun haqqında danışır...