Bu gün Üzeyir Hacıbəylinin 130 illik yubileyidir
Azərbaycan Respublikası Prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il dahi bəstəkarın doğum günü ölkəmizdə musiqi bayramı kimi qeyd olunur. Bu münasibətlə konsertlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.
Bu da musiqi sənətimizin dahisi tək qəbul olunan sənətkara olan münasibətin nümunəsidir. Üzeyir Hacıbəyli sənəti dünya musiqi sənətinə nadir nümunələr bəxş etmişdir. Onun yaradıcılıq irsinin əsasında dayanan bu əsərlər dünya klassikasının ən mükəmməl əsərləri olaraq qəbul olunur.
18 sentyabr tarixini də məhz bu gün musiqi ictimaiyyəti böyük sevgi ilə təntənəli şəkildə qeyd edir. Üzeyir dünyası xatırlanır və vərəqlənir. Belə bir irsin yaradıcısı böyük bir sevgi ilə yad olunur.
Belə bir təntənəni yaşadan Üzeyir Hacıbəyli sənət və həyat yolunun məsafəsində bu ömrün yazılmasına səbəb olmuşdur. Kənd mirzəsi ailəsində doğulmuş sənətkarın daim sənətə doğru olan addımları onun dünya şöhrətli bir sənətkar kimi yetişməsinə səbəb olmuşdur. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəylinin musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A.Əliverdibəyov olmuşdur. O,1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Bu, bəstəkarın dünyagörüşünün formalaşmasında böyük rol oynamışdır. Hacıbəyli seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Seminariyanı bitirdikdən sonra Hacıbəyli 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir.
Hacıbəyli Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demiş, 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab məsələləri" və "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni nəşr etdirmişdir. Hacıbəyli bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.
Hacıbəylinin 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyli operanın librettosunu Füzulinin eyniadlı poeması əsasında yazmışdır. Hacıbəyli 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu", "Əsli və Kərəm", "Harun və Leyla" muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyli muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir. O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Onun "Ər və arvad", "O Olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq Konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəylinin yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır. Hacıbəyli 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir.
1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyli burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır. 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası Hacıbəyli yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə, Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.
Hacıbəyli həm də böyük musiqişünas alim idi. O, müasir Azərbaycan elmi musiqişünaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası ingilis, alman, Çin, ərəb, fars, polyak, Ukrayna, belarus, gürcü və s. dillərə tərcümə edilmişdir. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Hacıbəyovun yüzillik yubileyi beynəlxalq miqyasda da qeyd edilmişdir.
2009-cu ildən başlayaraq Üzeyir Musiqi Günündə, həmçinin Azərbaycan professional musiqisinin banisinə həsr olunmuş beynəlxalq musiqi festivalına start verilir. Ötən illərdə festival müxtəlif ölkələrdən musiqiçiləri, kollektivləri bir araya gətirərək, incəsənət aləmində böyük əks-səda doğurub.
Ötən illərdə festival müxtəlif ölkələrdən musiqiçiləri, kollektivləri bir araya gətirərək, incəsənət aləmində böyük əks-səda doğurub.
18-28 sentyabr 2015-ci il tarixində Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Festivalla bağlı Mədəniyyət və Turizm Nazirliyində müvafiq əmr imzalanıb və sənəddə tədbirlər planı, eləcə də digər məsələlər əksini tapıb. Ümumilikdə, 30-dan artıq tədbirin reallaşacağı festivalda bir sıra ölkələrdən musiqiçi və solistlər də iştirak edəcək və bununla bağlı müvafiq məsələlər öz həllini tapıb. Müxtəlif konsertlər, görüş və elmi müzakirələr, simpozium və sərgilərlə zəngin olan festival paytaxtla yanaşı, bölgələrdə də keçiriləcək.
18 Sentyabr Üzeyir Musiqi Günündə festivalın iştirakçıları ilk olaraq Fəxri Xiyabana baş çəkəcək, daha sonra tədbir Milli Konservatoriyanın qarşısında davam edəcək. Sonra iştirakçılar Milli İncəsənət Muzeyinin həyətində "Güllələnmiş heykəlləri" - Üzeyir Hacıbəyli, Natəvan və Bülbülün doğma yurd yerləri- vətənləri Şuşadan gətirilmiş büstlərini ziyarət edəcəklər.
Üzeyir Musiqi Gününə həsr olunmuş növbəti tədbir bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının qarşısında baş tutacaq. Burada Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri konsert proqramı ilə çıxış edəcək.
Tədbirlər silsiləsi Üzeyir Hacıbəylinin ev-muzeyində davam etdiriləcək. Günün əsas tədbiri isə Heydər Əliyev Sarayında reallaşacaq. Beynəlxalq Musiqi Festivalının açılışı və Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində hökumət rəsmiləri, xarici və yerli qonaqlar iştirak edəcəklər.
Respublikanın əsas musiqi və teatr kollektivlərinin iştirakı ilə hazırlanan zəngin yubiley proqramı ilə yanaşı, qonaqlar sarayın foyesində bəstəkarın həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə də tanış olacaqlar.
Bütün bunlarla yanaşı, sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Rusiya Saksofon Kvartetinin, Azərbaycan Dövlət Filarmoniyasında Liyepaya Simfonik Orkestrinin (Latviya) konsertləri, Azərbaycan Dövlət Musiqili Teatrında Ü.Hacıbəylinin "O olmasın, bu olsun" ikihissəli musiqili komediyasının, Akademik Opera və Balet Teatrında isə bəstəkarın "Leyli və Məcnun" operasının nümayişi olacaq.
Festivalın üçüncü günündə musiqisevərlər Azərbaycan Dövlət Filarmoniyasında Liyepaya Simfonik Orkestrinin konsertinə, Musiqili Teatrda bəstəkarın "Ər və arvad" operettasına tamaşa etmək imkanı qazanacaqlar.
Beynəlxalq festivalın təntənəli bağlanış mərasimi sentyabrın 28-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Gecədə Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor Rauf Abdullayev, solist Murad Adıgözəlzadə) konsert proqramı təqdim olunacaq.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...