İlham Əliyev: "Əminəm İslam Oyunları ilk növbədə islam həmrəyliyini gücləndirəcək, həm islam aləminə, həm dünyaya bir daha göstərəcək ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir"
Müasir dünyanın Azərbaycanı idman ölkəsi tək qəbul etməsi təsadüfi deyildi. Ölkəmizin ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini atırıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan idman hərəkatı Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında əhəmiyyətli rol oynayıb. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. Azərbaycanda keçirilən dünya və Avropa çempionatları bir daha sübut edir ki, həqiqətən də, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Son illərdə Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbirinin yüksək səviyyədə keçirilməsi, o cümlədən, bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması Olimpiya ailəsində Azərbaycana böyük inam yaradıb.
Bu yaxınlarda "Bakı - 2015" birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və tarixi qələbənin qazanılması gələcəkdə ölkəmizdə daha möhtəşəm idman tədbirlərinin keçirilməsi üçün yeni perspektivlər açdı, oyunların keçirilməsi üçün ölkəmizə 2 il yarım vaxt ayrılsa da, Azərbaycan gücünü və potensialını bütün dünyaya bir daha nümayiş etdirdi. Oyunlarda 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanılması Azərbaycanda yeni güclü gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür. "Bakı-2015" ilk Avropa Oyunlarının qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik Azərbaycanın təqdimində sözünü demiş oldu.
Dünyanın idman arenasında artıq özünə layiqli yer tutan Azərbaycanın beynəlxalq yarışlara ev sahibliyi etməsi iqtisadi nailiyyətlərə söykənən amillərdəndir. Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkə olduğundan, ölkəmizdə müasir infrastruktur layihələri həyata keçirilir. Dünya standartlarına cavab verən beşulduzlu otellər istifadəyə verilib. Son illərdə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. Bütün bu və digər amillər Azərbaycanın daha möhtəşəm idman yarışlarına ev sahibliyi etməsinə yollar açıb. Ölkəmiz yaxın gələcəkdə keçiriləcək beynəlxalq idman yarışlarına tam hazır vəziyyətdədir. 2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunları, 2016-cı ildə "Formula-1" yarışması, Dünya Şahmat Olimpiadası Azərbaycanda keçiriləcək. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya miqyasında daha da tanıdılmasında əhəmiyyətlidir.
İSLAM ALƏMİNİN AZƏRBAYCANA, ONUN İNKİŞAFINA VERDİYİ YÜKSƏK DƏYƏR
Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci hesabat-seçki Baş Assambleyasında səsvermə zamanı, tam yekdilliklə Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarınına ev sahibliyi etməsi haqda qərar qəbul etməsi Azərbaycan üçün daha bir inamın ifadəsidir. Dünya, islam aləmi üçün çox önəmli idman yarışmasının ölkəmizdə təşkili dünya miqyasında nüfuzumuzun göstəricisidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev bunu islam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndirir. 57 ölkəni təmsil edən idmançıların qatılacağı Bakı-2017 IV İslam Həmrəylik Oyunlarının əsas şüarı "Həmrəylik bizim gücümüzdür" seçilib.
Atrıq ölkəmizdə oyunlara hazırlıq işlərinə başlanılıb. Belə ki, Azərbaycan Prezidentinin məlum Sərəncamilə oyunların Təşkilat Komitəsi və sədri Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva təyin edilib. "Eurovision" Mahnı Müsabiqəsinin, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri olan Mehriban xanım Əliyeva hər iki beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirilmişdir. Həm "Eurovision" müsabiqəsində, həm Avropa Oyunlarının gedişatında bütün təşkilati məsələlər öz həllini tapıb və bu yarışmalarda iştirak etmiş bütün idmançılar və Azərbaycana gəlmiş qonaqlar bunu yüksək qiymətləndirmişlər.
IV İSLAM HƏMRƏYLİK OYUNLARINDA 57 İSLAM ÖLKƏSİNİN NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI GÖZLƏNİLİR
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirildi. İclasda çıxış edən Prezident İlham Əliyev bu oyunların yüksək səviyyədə təşkili ilə bağlı bəzi məsələlərə nəzər salıb. Onun sözlərində görə, İslam Həmrəylik Oyunları çox önəmli beynəlxalq yarışma olacaqdır: "Azərbaycan islam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər".
Azərbaycana gələcək hər kəs ölkəmizdə hökm sürən əmin-amanlığı və sabitliy bir daha görəcəkdir. "Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır", - deyən İlham Əliyev Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyətinin ölkəmizdən ən xoş arzularla ayrıldıqlarını bildirib:"Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq".
İlham Əliyev İslam Oyunlarının, ilk növbədə islam həmrəyliyini gücləndirmək baxımından böyük əhəmiyyət daşıdığını da bildirib: "…həm islam aləminə, həm dünyaya bir daha göstərəcək ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir".
Qeyd edək ki, IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin may ayında keçirilməsi nəzərdə tutulur. Bu oyunlarda 57 islam ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə yarışların aparılması planlaşdırılır. Yarışlara 5 mindən çox idmançının qatılacağı nəzərdə tutulmuşdur. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Eyni zamanda, bu oyunları fərqləndirən digər cəhətlərdən biri qeyri-ənənəvi idman növü olan milli zorxana oyunu üzrə mübarizənin aparılması olacaq.
"BİR DAHA DEMƏK İSTƏYİRƏM Kİ, BİZ AVROPA OYUNLARINA GÖSTƏRDİYİMİZ YANAŞMANI BU OYUNLARDA DA GÖSTƏRMƏLİYİK"
İclasda çıxış edən Təşkilat Komitəsin sədri Mehriban Əliyeva IV İslam Həmrəylik Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerlərinin müəyyən edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, yarışlar ölkəmizdə mövcud olan idman obyektlərində keçiriləcək: "Bunlar Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzidir. Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman obyektlərindən istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur".
IV İslam Həmrəylik Oyunlarının rəsmi açılış və bağlanış mərasimləri Olimpiya Stadionunda keçiriləcəkdir.
Oyunların təşkili ilə ağlı məlumat verən Mehriban Əliyeva tədbirin dünyada təbliği və informasiya dəstəyinin qarşımızda duran ən vacib məsələlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, birinci addım olaraq oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən İnternet portalı hazırlanacaqdır. Dünya mediasında İslam Həmrəylik Oyunlarının keçirilməsi barədə informasiyanın yayılması nəzərdə tutulur. Tədbirin yayım hüququnun verilməsilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində də işlər görülür.
Mehriban xanım Əliyeva onu da bildirib ki, oyunların yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaq. Hazırda yarışların keçirilməsilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyənləşdirən geniş Tədbirlər Planı hazırlanır.
İclasa yekun vuran Prezident İlham Əliyev Təşkilat Komitəsinin qarşıda duran vəzifələrinin uğurla icra edəcəyinə əminliyini ifadə etməsi müəyyən amillərə söykənir. Avropa Oyunlarının keçirilməsinin çox böyük təcrübə qazandırdığını bildirən Cənab İlham Əliyev İslam Həmrəylik Oyunlarında qonaqların, idmançıların ölkəmizə gəlişi, aeroportda qarşılanması, viza problemlərinin həlli, onların müasir nəqliyyat vasitələri ilə təmin edilməsi, burada həm qonaqlara, həm idmançılara, nümayəndə heyətlərinin üzvlərinə yüksək qonaqpərvərliyin göstərilməsi, bütün bu məsələlərin öz həllini tapmasını bildirib, təhlükəsizlik tədbirlərinə diqqət göstərilməsini xüsusi qeyd edib.
Oyunların başlamasına iki ildən az vaxt qaldığını bildirən Azərbaycan Prezidenti Təşkilat Komitəsinin fəal işə başlamasını tövsiyə edib: "Bir daha demək istəyirəm ki, biz Avropa Oyunlarına göstərdiyimiz yanaşmanı bu Oyunlarda da göstərməliyik. Bu Oyunlar Avropa oyunlarından az əhəmiyyət kəsb etmir. Elə etməliyik ki, bir daha Azərbaycan öz qonaqpərvərliyini, təşkilatçılıq qabiliyyətini, ümumiyyətlə, öz potensialını bütün dünyaya göstərsin".
Nəzakət ƏLƏDDİNQIZI
Bütün Polşa onun haqqında danışır...