Dünən paytaxtımızda fəaliyyətə başlayan Şahdağ Turizm İnformasiya Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, nazirliyin əməkdaşları, turizm ictimaiyyəti və media nümayəndələri iştirak edib.
Nazir Şahdağ Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub. Bildirilib ki, qurumun yaradılmasının əsas məqsədi turistlərə Şahdağ Turizm Mərkəzi haqqında ətraflı məlumatların çatdırılması, bronlaşdırma sisteminin asanlaşdırılması və xidmət keyfiyyətinin daha da yüksəldilməsidir.
Şahdağ Turizm İnformasiya Mərkəzində müştərilərlə iş, satış və marketinq, tədbirlərin təşkili və mətbuatla əlaqələr şöbəsi yaradılıb. Burada hotel rezervasiyası ilə yanaşı, qış-yay turizm avadanlıqlarının icarəsi, sifarişi və turpaket xidmətləri təklif olunacaq. Müştərilər mərkəzə gələrək və yaxud telefon vasitəsilə məlumat əldə edib sifariş verə biləcəklər.
Tədbir çərçivəsində www.shahdag.az saytının təqdimatı da keçirilib. Saytda Şahdağ Turizm Mərkəzinin fəaliyyəti, hotellər barədə ətraflı məlumat almaq, virtual tur vasitəsilə mərkəzi canlı izləmək olar. Həmçinin, sayt vasitəsilə turistlər bu ilin dekabr ayından etibarən Şahdağ Turizm Mərkəzinin təklif etdiyi bütün xidmətləri online olaraq sifariş verərək, ödəməni həyata keçirə və bronlaşdırma edə biləcəklər.
Ə.Qarayev jurnalistlərə müsahibəsində ölkə Prezidenti İlham Əliyevin 10 sentyabr 2015-ci il tarixində "Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ Turizm Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Sərəncam imzaladığını diqqətə çatdırıb. Bildirib ki, Sərəncama uyğun olaraq idarəetmə funksiyaları müəyyənləşdirilir, nizamnamə hazırlanır və ilin sonuna kimi bu işlər tam yekunlaşacaq.
Nazir qeyd edib ki, ölkəmizdə turizm sənayesinin inkişafına dövlətin böyük diqqət və qayğısı var. Müvafiq dövlət proqramlarının qəbulu və icrası, "Turizm ili"nin elan olunması və sahənin inkişafı üçün ciddi infrastrukturun yaradılması bunun göstəricisidir. Bu işlərin nəticəsi olaraq turizm şirkətlərinin sayı 300-ə, hotellərin sayı 535-ə, ümumi daxili məhsulda turizmin payı isə 4,1 faizə çatıb.
Bu gün ölkəmiz dünya turizm sənayesi xəritəsində özünə layiqli yer tutub: "Azərbaycanda turizmin davamlı inkişafı özünü ölkənin beynəlxalq reytinqlərində də göstərir. Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı"nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Bu o deməkdir ki, bu gün dünyanın inkişaf edən bazarında ölkəmizin tutduğu mövqe, onun iqtisadi mexanizmləri dünyada tanınır və qəbul olunur. Bu, çox mühüm göstəricidir. Azərbaycanda viza rejimi sadələşdirilib. Turizm məqsədilə elektron viza almaq mümkündür. Bu il 36 min nəfər elektron viza alaraq ölkəyə daxil olub".
Nazir vurğulayıb ki, turizm sahəsinin inkişafı daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir: "Bu yaxınlarda dövlət başçısı tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsində dəyişikliklər edilməsi və nazirlik yanında yaradılan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı fərmanlar imzalandı. Bu fərmanlarda turizmin inkişafı ilə bağlı xüsusi bir bənd də yer alıb. Həmin bəndə əsasən turizm məkanlarına qanunsuz müdaxilə olmaması, onların fəaliyyətlərinin sərbəst aparılması, turizmin inkişafı üçün lazımi iqtisadi şəraitin yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Bundan əlavə, iki ay müddətində hotellərin sertifikatlaşdırılması işinin dünya standartlarına uyğunlaşdırılması ilə bağlı tapşırıqlar verilib və artıq bununla bağlı işlər həyata keçirilməkdədir".
Sonda nazir Şahdağ Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə bağlı tövsiyələrini verdi, mərkəzin kollektivinə uğurlar arzulayıb.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...