PDF Oxu

Mədəniyyət

  • 1 290

Mədəniyyət və turizm naziri Lənkəran şəhərinin sakinlərini qəbul edib

Mədəniyyət və turizm naziri Lənkəran şəhərinin sakinlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 29-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhəri, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından vətəndaşları qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə verilən məlumata istinadən, görüşdən öncə nazir mərkəzin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad edib. Sonra Ə. Qarayev mərkəzin ekspozisiyası ilə tanış olub.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Lənkərandan qəbula yazılan vətəndaşlar şəhərdə beynəlxalq çay festivalının təşkili, kənd kitabxana işçiləri üçün informasiya texnologiyaları üzrə treninqlərin keçirilməsi, turizm sahəsində əhalinin informasiya tələbatının ödənilməsi və ölkənin turizm potensialının tanıdılması məqsədilə mobil proqram təminatının hazırlanması, dövlət qeydiyyatına alınmış Dairəvi Qalada təmir-bərpa işlərinin aparılması ilə bağlı müraciətlər ediblər.

Masallı sakinlərinin müraciətləri rayonda muğam kurslarının açılması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ixtisaslı kadrların göndərilməsi, Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsində təmsil olunan regionların özfəaliyyət kollektivlərinin yekun konsertinin keçirilməsi, eləcə də rayonun Müyankü kəndindəki XIX əsrə aid hamamın bərpası və Hiskədərə kəndində yeni tikilən Tarix-Diyarşünaslıq Muzeyinin tərtibatına köməklik edilməsi barədə olub.

Astara rayonundan qəbula gələn vətəndaşlar rayon mərkəzində və kəndlərdə "kafe-kitabxana" tipli pilot layihənin həyata keçirilməsi, mədəniyyət sahəsi üzrə işçilərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada təşkili barədə təkliflərini diqqətə çatdırıblar.

Cəlilabad sakinlərinin xahiş və müraciətləri rayondakı Xalq Teatrının qastrol səfərlərinin təşkili, Dövlət Rəsm Qalereyasının yeni binaya köçürülməsi, bölgədə turizmin inkişafı, Göytəpə şəhərindəki qədim kilsənin təmir-bərpa edilməsi barədə olub.

Yardımlı rayonu ərazisində zəngin tarixi irslə bağlı dövlət qoruğunun yaradılması, rayon mərkəzində kitab mağazalarının təşkili və kitabxanaların lazımi ədəbiyyatla təmin olunması barədə xahişlər edilib. Bundan əlavə, orta məktəblərdə kulturologiya fənninin tədris olunması və mədəniyyətşünaslıq üzrə ibtidai biliklərin öyrədilməsi, uzun müddət mədəniyyət sahəsində çalışan insanların əməyinin qiymətləndirilməsi ilə bağlı müraciətlər də səsləndirilib.

Həmçinin, Lerik rayonundakı "Uzunömürlülər – Rəfti" xalq kollektivinin xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakına köməklik göstərilməsi, regionlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin qabaqcıl iş təcrübəsinin yayılması barədə xahişlər diqqətə çatdırılıb.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Ə. Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan bu cür görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibliyini vurğulayıb. Lənkəran şəhərindəki qəbulun artıq sayca 30-cu görüş olduğunu diqqətə çatdıran Ə.Qarayev bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflərin, faydalı təşəbbüslərin irəli sürüldüyünü bildirib.

Budəfəki görüşdə də aktual mövzularda təkliflərin səsləndiyini vurğulayan nazir xalq teatrlarında vətənpərvərlik mövzusunda respublika festivalının keçirilməsi fikrinin təqdirəlayiq olduğunu və gələn il belə bir festivalın təşkil ediləcəyini deyib. Ölkəmizin turizm imkanlarının təbliği ilə bağlı mobil proqram təminatının hazırlanması və yayılması da faydalı təklifdir və nəzərdən keçiriləcək. Ə.Qarayev vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.

Qəbuldan sonra nazir Lənkəran şəhər Mədəniyyət Mərkəzində, yeni istifadəyə verilmiş Tarix-Diyarşünaslıq Muzeyində və Turizm İnformasiya Mərkəzində olub, bu qurumların fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verib.

ZÜMRÜD

Digər xəbərlər