107-ci teatr mövsümünə uğurla başlayan Azərbaycan Dövlət Opera və Balet Teatrı bu mövsümdə də səhnəsində tanınmış vokal və balet sənəti ulduzlarının iştirakı ilə bir-birindən maraqlı tamaşalar təşkil edəcək. Bu sıradan ilk tamaşa oktyabrın 9-da baş tutacaq "Jizel" baletinin tamaşasıdır.
Adolf Adanın "Jizel" baleti dünya balet sənətinin incilərindən sayılır və bir çox aparıcı teatrların repertuarını bəzəyir. Azərbaycan Opera və Balet Teatrının repertuarına uzun illərdən bəri daxil olan bu tamaşada baş rollarda teatrın aparıcı solistləri ilə yanaşı, vaxtaşırı məşhur balet ulduzları çıxış edirlər.
Teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, oktyabrın 9-da keçiriləcək tamaşada Jizel rolunu Ukrayna Milli Operasının prima-balerinası Olqa Qolitsa, Alfred rolunu isə çexiyalı balet ulduzu Van Yan ifa edəcəklər.
Olqa Qolitsa Ukraynanın əməkdar artisti, balet artistlərinin bir neçə beynəlxalq müsabiqəsinin qızıl medalının sahibidir. Almaniya, Avstriya, İtaliya, Belçika, ABŞ, Fransa, Yaponiya, Hollandiya və İspaniyada uğurlu qastrol səfərlərində olmuşdur. Xarici KİV-ləri və teatr tənqidçiləri onun balet artisti üçün vacib olan ən yüksək göstəricilərə, səhnə görkəmi və artistizmə malik olduğunu hər zaman qeyd edirlər. Onun tərəf-müqabili Van Yan balet artistlərinin beynəlxalq müsabiqələrinin qalibi kimi vətəni Çexiyada kifayət qədər tanınmış sənətçidir. Bununla yanaşı, o, Ukrayna Milli Operasında kontraktla çalışır və dünyanın bir sıra ölkələrində qastol səfərlərində olur.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...