Dünən AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun 95 illik yubileyinə həsr olunan sərginin açılışı və "Virtual Qarabağ Tarixi Muzeyi"nin təqdimat mərasimi keçirildi. Vitual muzey Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərivəsində təşkil olunub. Təqdimat mərasimində dövlət və hökümət rəsmiləri, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri, elmi ictimaiyyətin üzvləri və KİV nümayəndələri iştirak edirdilər. Sərginin açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi qurumun keçdiyi tarixi yola nəzər salıb, bu müəssisənin fəaliyyət istiqamətlərindən danışıb.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan tarixinin təbliği istiqamətində qurumun mühüm işlər gördüyünü vurğulayıb, muzeyin ekspozisiyasında cəmiyyətimizin müxtəlif inkişaf mərhələlərinin əks olunduğunu bildirib. İ.Həbibbəyli qeyd edib ki, tariximizə və mədəni irsin qorunmasına böyük diqqətlə yanaşan Prezident Cənab İlham Əliyevin göstərişinə əsasən çoxsaylı abidələr və mədəniyyət ocaqları ilə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyi də yenidən qurulmuş, yeni eksponatlarla zənginləşmişdir.
Tədbirdə "Virtual Qarabağ Tarixi Muzeyi" layihəsinin koordinatoru, "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin əlaqələndiricisi Nurəddin Mehdiyev "Virtual Qarabağ Tarixi Muzeyi"nin Azərbaycanda ilk peşəkar virtual muzey mahiyyətini daşıdığını bildirib. Qeyd edib ki, bu cür muzeylər dünyanın müxtəlif tanınmış muzeyləri tərəfindən hazırlanır. Təqdim olunan muzey internet məkanında Dağlıq Qarabağ həqiqətlərinin daha geniş miqyasda yayılmasına xidmət edəcək.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, "Virtual Qarabağ Tarixi Muzeyi"nin layihə rəhbəri Səbuhi Hüseynov muzey haqqında geniş təqdimatla çıxış edib.
Təqdimat mərasimində Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və başqaları çıxış edərək muzeyin keçdiyi inkişaf yolundan danışaraq, qurumun kollektivini yubiley münasibətilə təbrik ediblər.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...