PDF Oxu

Mədəniyyət

  • 2 678

Ölkəmizin sağlamlıq turizmi ilə bağlı dəyirmi masa keçirilib

Ölkəmizin sağlamlıq turizmi ilə bağlı dəyirmi masa keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosasiyasının və "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərinə təşkil olunan infotur çərçivəsində ölkəmizin sağlamlıq turizmi ilə bağlı dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycanda sağlamlıq turizminin hazırkı vəziyyəti və problemləri ətrafında fikir mübadiləsi aparılıb, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun baş məsləhətçisi Türkan Rüstəmova təşkil olunan tədbirin məqsədi haqqında geniş məlumat verib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev bildirib ki, infoturun keçirilməsində əsas məqsəd Naftalan şəhərinin və eyni zamanda ölkəmizin sağlamlıq turizmi potensialının daha geniş auditoriyada tanıtmaq, bu sahəyə marağı artırmaqdır. Qeyd edib ki, Azərbaycanda sağlamlıq turizminin daha geniş şəkildə istifadə etmək, Naftalan şəhərini sağlamlıq turizmi sahəsində brendə çevirmək və ilin bütün fəsillərində bu turizmi aktual etmək qarşımızda duran əsas hədəflərdən biridir.

"Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin baş həkimi Şahin Babayev ölkəmizdə turizmin inkişaf göstərilən dövlət qayğısından və turizmin inkişaf meyillərindən danışdı. Həmçinin, Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları, onun müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyəti haqqında məlumat verilib. Qeyd edib ki, Naftalan şəhərindəki sanatoriya və pansionatlara gələn xəstələr Naftalan nefti və onun əsasında hazırlanan məlhəmlərlə müalicə alırlar. Naftalan nefti yaraların, dəri, sinir, uroloji və ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətarfındakı yumşaq toxumaların, dayaq-hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir.

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları İlkin Əhmədov "Azərbaycan turizminin tarixi, inkişafı və perspektivləri" və İlhamə Zeynalova "Müalicəvi və sağlamlaşdırma turizmi" adlı təqdimatlarla çıxış ediblər.

İnfoturda iştirak edən media nümayəndələri və turizm şirkətlərinin nümayəndələrinə ölkəmizin turizm potensialının tanıdılmasında fəal iştiraka görə sertifikatlar təqdim edilib.

Noyabrın 8-də infotur iştirakçılarının Naftalan şəhərinin turizm potensialı, mədəni həyatı, mövcud infrastrukturu ilə tanışlığı həyata keçirilib. Tanışlıq çərçivəsində infotur iştirakçıları Heydər Əliyev Mərkəzi, şəhərin istirahət parkları və digər mədəniyyət ocaqları ilə tanış olublar.

ZÜMRÜD

Digər xəbərlər