Bu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru, Həsən bəy Zərdabi mükafatı laureatı Şövkət Hüseynovanın "Apostrof" MMC nəşriyyatında "Qədim musiqi alətlərinin tədqiqatçısı" kitabı çapdan çıxıb.
Nəfis tərtibatla çap olunan kitabın ön söz müəllifi və rəyçisi Milli Aviasiya Akademiyasının prorektoru, əməkdar mədəniyyət işçisi Şəmsəddin Axundov, elmi redaktoru Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, professor, xalq artisti Fərhad Bədəlbəyli, ixtisas redaktorları BMA-nın prorektoru, professor, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, BMA-nın "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Maya Qafarova, redaktoru isə jurnalist-publisist Amalya Bayramovadır.
Oxucularımıza təqdim olunan kitab xalq artisti, sənətşünaslıq elmləri doktoru, professor Məcnun Kərimovun işıqlı xatirəsinə, eyni zamanda 70 illik yubileyinə həsr olunub. Kitabda toplanan məqalələrdə Məcnun Kərimovun bioqrafiyası, keçdiyi maraqlı həyat yolu, elmi-pedaqoji fəaliyyətinin əsas parametrləri böyük maraq doğurur. Məcnun Kərimovu yaxından tanıyan, vaxtilə onunla birgə çalışan musiqişünasların, alimlərin onunla bağlı xatirələrinin kitabda yer alması onun sənətkarlıq xüsusiyyətlərinin açılmasına öz təsirini göstərir. Kitabda Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin, xalq artistləri Ramiz Quliyevin, Arif Babayevin və başqalarının xatirələri məhz M.Kərimovun bir şəxsiyyət və tədqiqatçı-alim kimi yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərir.
Əməkdar mədəniyyət işçisi Şəmsədin Axundov M.Kərimovun qədim musiqi alətləri ilə bağlı təklifinin onu ürəyincə olduğunu və bu təşəbbüsün ümumdövlət əhəmiyyətli olduğunu vurğulayır: "Biz tez-tez xarici dövlətlərə gedir, əcnəbi qonaqları qarşılayırdıq. Bu, elə bir zaman idi ki, nankor qonşularımız torpaqlarımızı zəbt etdikləri az imiş kimi, indi də utanmadan mahnılarımıza, musiqi alətlərimizə yiyə durmağa çalışır, həyasızcısına hər cür məkrli əmələ qol qoyurdular. Bunun qarşısını almaq üçün sözsüz ki, biz də sakit durası deyildik. Odur ki, Məcnun müəllimlə belə razılaşdıq ki, o, bu musiqi alətini həm istifadəyə hazır şəkildə, həm də suvenir kimi hazırlasın. Beləliklə, getdiyimiz ölkələrdə onları hədiyyə etməklə bu musiqi alətlərinin məhz Azərbaycana məxsus olduğunun sübutu üçün əsaslı dəlil gətirmiş olduq".
Professor Fərhad Bədəlbəyli onun təkcə bir sənətkar kimi deyil, insani keyfiyyətlərinə də nəzər salaraq, bir dost kimi də dəyərləndirir: "Olduqca səmimi sadə və təvavazökar bir insan idi. Məcnun müəllim. Həm də əsl vətənpərvər Azərbaycanın layiqli vətəndaşı idi. Sakitcə öz işini görməklə ən əziyyətli və çətin işdən yapışaraq, sənətdə, necə deyərlər, külüng vurmaqla sübut edirdi. Ona görə də böyüklü-kiçikli bütün həmkarlarının, müəllim və tələbələrin hörmətini qazanmışdı".
Kitabda maraq doğuran yazılardan biri də Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Rauf Zeyninin məqaləsidir: "Kiçik maraq böyük xəzinənin üstünü açdı", - deyirdi Məcnun Kərimov. Bəli, o xəzinə ki, bizim milli-mənəvi varlığımızın təcəssümüdür, o xəzinə ki, hər dəfə səsləndikcə Qarabağın, Şuşanın, Kəlbəcərin həzin səsini hiss etdirir, bizə. Bu xəzinəni o Azərbaycan üçün açdı dünyaya sübut etmək üçün, nəyi? Musiqimizi, tariximizi, irsimizi. "Sarı gəlin"i, "Qarabağ" şitkəstəsini. Bəli, Məcnun Kərimov bizə kim olduğumuzu sübut etmək üçün milli xəzinənin qapılarını açdı, o qapı ki, onu hər açanda milli mədəniyyətimiz və incəsənətimiz haqqında düşünək. Nəşrdə, həmçinin Şərq orta əsr musiqi mədəniyyətində vaxtilə geniş yayılan çəng, Şirvan tənburu, rud, barbəd, çəqanə, covur, rübab, səntur, qopuz kimi musiqi alətlərinin Məcnun Kərimov tərəfindən bərpa edilməsi, musiqi həyatına qaytarılması, qədimdən gələn səslərə necə yeni nəfəs verməsi haqqında məqalələr dərc olunub.
Zümrüd BAYRAMOVA
Bütün Polşa onun haqqında danışır...