13 iyul 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclas çərçivəsində ölkəmizdə sosial-iqtisadi rifahın təmin olunmasında özünəməxsus payı olan turizm sənayesinin yüksək inkişaf tempi, turizm infrastrukturunun müasir tələblərə uyğun qurulması, turizm sənayesində fəaliyyət göstərən şirkətlərin və yerləşdirmə vasitələrinin sayının artması müsbət qiymətləndirilib. Bununla yanaşı, ölkəyə daha çox turistlərin cəlb edilməsinə dair problemlərə toxunulub və bu istiqamətdə müvafiq islahatların aparılması tapşırılıb.
Turizm ölkə iqtisadiyyatında qeyri-neft sektorunun əsas sahələrindən biri olmaqla, ÜDM-in artım dinamikasında özünəməxsus yer tutur. Bu baxımdan, ölkənin gəlmə turizm imkanlarının genişləndirilməsi və xarici turistlər üçün əlverişli şəraitin yaradılması kimi məsələlər böyük əhəmiyyət kəsb edir. Ölkənin gəlmə turizm potensialının daha da effektiv şəkildə təbliğ olunması, eləcə də 2016-cı ildə ölkəmizə daha çox turistlərin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında danışıqlar aparılıb, ortaq fəaliyyətə dair işçi qrupu yaradılıb.
Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə verilən məlumata görə, işçi qrupunun ilk toplantısında bir sıra məsələlər müzakirə edilərək 2016-cı ildə ortaq fəaliyyətə dair razılıq əldə olunub. Bu məsələlərə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən birbaşa uçuşların həyata keçirildiyi ölkələrin vətəndaşları üçün həmin ölkələrin spesifikası, turistlərin səyahət tendensiyaları, onların qərar qəbuletmə xüsusiyyətləri, eləcə də seçilmiş ölkə üzrə bayram və tətil günləri nəzərə alınmaqla, birgə fəaliyyət çərçivəsində müvafiq aşağı büdcəli tur paketlərin hazırlanması, həyata keçirilməsi və ortaq şəkildə təbliğinin aparılması; bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində Mədəniyyət və Turizm Nazirliyi və AZAL-ın ortaq milli stendlə iştirakının həyata keçirilməsi; hər iki qurumun bir sıra xarici dövlətlərdə fəaliyyət göstərən nümayəndəliklərin imkanlarından birgə istifadə; gələn ildə gəlmə turizm baxımından Azərbaycan üçün prioritet hesab olunan ölkələrin turizm sənayesi və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün ölkəmizə 20-dən artıq tanışlıq səfərinin birgə həyata keçirilməsi; hər iki qurum tərəfindən bir sıra xarici ölkələrdə ortaq reklam və marketinq fəaliyyətinin aparılması daxildir.
Qeyd edək ki, adıçəkilən fəaliyyətlərin Rusiya Federasiyası, Qazaxıstan, Ukrayna, Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, ABŞ, İsrail, Çin və Körfəz ölkələrində aparılması müzakirə edilib.
Yaxın müddət ərzində 2016-cı il üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında ortaq fəaliyyət planının həyata keçirilməsi üzrə sənədin imzalanması nəzərdə tutulub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...