Noyabrın 23-də Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 36-cı iclası öz işinə başlayıb. İclası giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın ISESCO ilə əməkdaşlığı ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra mümkün olub:"Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür. Təşkilatla münasibətlər Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən yüksək səviyyəyə çatıb. Son illərdə ölkəmiz bu qurumla bir sıra mühüm layihələr reallaşdırıb". Ə.Qarayev bildirib ki, birgə fəaliyyət gələcəkdə də davam etdiriləcək. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə imzalanması istiqamətində görülən işlərə toxunan nazir ölkəmizin haqq işini birmənalı olaraq dəstəklədiyinə görə ISESCO rəhbərliyinə minnətdarlığını bildirib.
Nazir 2016-cı ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunun keçiriləcəyini də bildirib. ISESCO-nun forumda yüksək səviyyədə iştirak edəcəyinə əminliyini bildirən nazir onu da deyib ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları islam dünyasının gələcəyi naminə mühüm tədbir olacaq.
ISESCO İcraiyyə Şurasının sədri Bubəkr Dokurə iclasda iştirak etməkdən qürur duyduğunu bildirib, təşkilatın ötən müddət ərzindəki fəaliyyətindən, eləcə də qarşıda duran vəzifələrdən bəhs edib: "Biz iclas zamanı ötən üç il üçün nəzərdə tutulmuş planın icrasını müzakirə edəcək və qarşıdakı illər üçün fəaliyyət planını təsdiqləyəcəyik. Deyə bilərəm ki, ötən 3 il ərzində planımızı əsasən, yerinə yetirmişik. Bu, bizə növbəti addımlar atmaq üçün böyük imkanlar yaradır".
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri diqqətə çatdırıb ki, rəhbərlik etdiyi qurumla Azərbaycan arasında məhsuldar əməkdaşlıq əlaqələri var. ISESCO Prezident Cənab İlham Əliyevin dəstəyi ilə Bakıda mühüm tədbirlər keçirib. Son 10 ildə Azərbaycanda ISESCO-nun xətti ilə beş tədbirin keçirildiyini bildirərək, baş konfransın da belə gözəl ölkədə təşkil olunmasını təşkilatla Azərbaycan arasında gözəl əməkdaşlığın göstəricisi olduğunu diqqətə çatdırıb. Baş direktor buna görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Təşkilatın üç illik fəaliyyətinə dair hesabatlar hazırlandığını deyən Əbdüləziz bin Osman əl-Tuveycri iclasda yeni tədbirlər planının qəbul olunacağına əminliyini ifadə edib.
İclas işini sessiyalarla davam etdirib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...