Nəsimi rayonunda bu layihə çərçivəsində tədbir keçirildi
Dünən YAP Nəsimi rayon təşkilatı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə Nəsimi rayon 54 saylı tam orta məktəbdə "Açıq əyləncəli futbol məktəbi" layihəsi çərçivəsində tədbir keçirildi.
Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev, 54 saylı orta məktəbin direktoru Sahibə Abbasova iştirak edirdilər.
Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı açaraq iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, söz sahibinə çevrilən Azərbaycanın dünyada idman ölkəsi kimi də tanındığını bildirdi: "Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İdman hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan, Azərbaycan dövləti idmanın inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün Azərbaycanda lazımi maddi-texniki baza da yaradılıb. Ölkəmizdə, xüsusilə son illərdə tikilən olimpiya idman kompleksləri, məhz idmanın inkişafına xidmət edən amillərdir".
M.İbrahimqızı qeyd etdi ki, ilk Avropa Oyunlarının məhz Azərbaycana həvalə edilməsi də beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir. Bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin idman siyasətinin təntənəsidir.
Ölkədə inkişaf edən idman növlərindən birinin də futbol olduğunu bildirən M.İbrahimqızı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin 10 oktyabr 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müasir Azərbaycan futbolunun inkişaf tarixində yeni mərhələnin əsasını qoyduğunu diqqətə çatdırdı. Dövlətimiz tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin nəticəsi kimi, onların gələcək perspektivlərinin, fiziki sağlam və mənalı asudə həyat tərzinin inkişaf etdirilməsi həmişə diqqətdə saxlanılmış və gəncliyin önündə yeni üfüqlər açmışdır. O, bu məqsədlə də YAP Nəsimi rayon təşkilatı və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nəsimi rayon ərazisində yerləşən bir neçə məktəbin məktəbli futbol komandalarının iştirakı ilə "Açıq əyləncəli futbol məktəbi" layihəsi həyata keçirildiyini qeyd etdi.
Tədbirdə çıxış edən AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev Azərbaycanda dövlət idman siyasətinə nəzər salaraq Cənab İlham Əliyevin bu sahəyə ayırdığı diqqətin nəticəsində ölkəmizin qazandığı uğurları vurğuladı. O, bildirdi ki, ölkəmizdə idmanın maddi-texniki bazası möhkəmləndirilmiş, beynəlxalq standartlara cavab verən müasir idman qurğuları istifadəyə verilmişdir.
Millət vəkili "Açıq əyləncəli futbol məktəbi" layihəsi ətrafında iştirakçılara məlumat verərək, bu layihənin dünyanın 32 ölkəsində həyata keçirildiyini bildirdi.
Sonra tədbirdə "Açıq əyləncəli futbol məktəbi" layihəsi çərçivəsində 150 nəfərdən çox məktəbli gənclərə futbol ləvazimatları hədiyyə edildi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün Polşa onun haqqında danışır...