Dünən Namibiya Respublikasının paytaxtı olan Vindhuk şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası öz işinə başlayıb. 4 dekabr tarixinə qədər davam edəcək sessiyada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil olunur. Nümayəndə heyətinə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev və Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi Ramil Abbəkirov daxildir.
10-cu sessiya çərçivəsində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına və Təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmək üçün təqdim olunan elementlərə baxılacaq, eləcə də bir sıra ölkələrin Qeyri-Maddi Mədəni İrsin qorunmasına dair Konvensiya çərçivəsində fəaliyyətləri haqqında hesabatları, Qeyri-Maddi Mədəni İrs Fondunun 2016-2017-ci illərdə istifadəsinin proqramı, təqdim edilən faylların baxılmasına cavabdeh olan Qiymətləndirmə Komitəsinin 2015-ci il üzrə fəaliyyəti müzakirə ediləcək, Konvensiyanın həyata keçirilməsini tənzimləyən operativ qaydalara yenidən nəzər yetiriləcək, qeyri-hökumət təşkilatlarının akkreditasiyası həyata keçiriləcək, habelə digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
İclas çərçivəsində Azərbaycanla bağlı iki vacib məsələ - "Lahıc misgərlik sənəti" faylının Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və Konvensiya çərçivəsində ölkəmiz tərəfindən həyata keçirilən beşillik fəaliyyət hesabatı müzakirə ediləcəkdir.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...