Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2015-ci il üçün kompleks elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsini elan edib. Elmin İnkişafı Fondunun mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən, müsabiqə akademik və təhsil sistemindəki elmi-tədqiqat müəssisələrinin, bölmə və mərkəzlərinin və elmlə əlaqəli digər qurumların elmi fəaliyyətini stimullaşdırmaq, əhəmiyyətli və rəqabət apara biləcək elmi nəticələr alınmasına şərait yaratmaq, kadr hazırlığını təmin etmək və s. məqsədi daşıyır. Qurumlar tərəfindən təqdim ediləcək kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin böyük maliyyə həcmli qrantlar (100 min - 500 min manat) verilməsi yolu ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Layihələrdə alimlər üçün stimullaşdırıcı əmək haqqı, cihaz, qurğu və avadanlıqların alınması və elmi ezamiyyətlər nəzərdə tutulur.
Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 8 milyon manatdır. Elmi ekspertizanın nəticələri əsasında seçim zamanı multidissiplinar tədqiqatlar üzrə təqdim olunmuş, tətbiqi xarakterli, müxtəlif qurumlardan olan alim və mütəxəssislərin iştirak etdiyi, xüsusilə akademik və təhsil qurumlarının birgə layihələrinə, eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirilməsi planlaşdırılan, həmçinin gənclərin və regionlardan olan alim və mütəxəssislərin iştirak etdiyi layihələrə üstünlük veriləcək.
Yüksək enerjilər fizikası; Müxtəlif sistemlər üçün kvant hesablamaları; Müdafiə və təhlükəsizlik istiqamətində elmi-texniki tədqiqatlar; Kosmik tədqiqatlar, Yerin məsafədən zondlanması; İnformasiya təhlükəsizliyinin təmin olunması; Alternativ enerji mənbələri; Molekulyar-genetik tədqiqatlar; Kimyəvi kinetika və kataliz üzrə tədqiqatlar; Azərbaycançılıq ideologiyası: ənənə və müasirlik; Yeni müstəqillik tarixi; Multikulturalizm və dini dəyərlər; Azərbaycan dilinin lüğət tərkibinin inkişafı; Azərbaycan və Qafqaz tarixinə dair Şərq yazılı mənbələrinin tədqiqi və s. müsabiqənin əsas prioritetləridir.
NƏZAKƏT
Bütün Polşa onun haqqında danışır...