Azərbaycan Dövlət Musiqili Teatrında yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyasının açılışı olub. Studiyanın açılış mərasimində "Uğur və eşq" adlı konsert-tamaşa təqdim olunub. Mərasimdə çıxış edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev studiyanın yaradılmasının məqsəd və məramından söz açıb. "Milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın daha da gücləndirilməsi, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsi qarşımızda duran ən vacib məsələlərdəndir. Biz Yaradıcılıq Studiyasını məhz bu məqsədlə yaratmışıq və inanırıq ki, bu studiya istedadlı gənclərimizin öz yaradıcı potensiallarını nümayiş etdirmək üçün bir meydan olacaq", - deyə Əliqismət Lalayev bildirib. Konser-tamaşada çıxış edən "Şöhrət" ordenli xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal da bu addımın nəinki Musiqili Teatra, ümumilikdə Azərbaycan teatr sənətinin inkişafına böyük töhfələr verə biləcəyinə inandıqlarını bildiriblər. Sonra Gültac və Hüseyn Əlililərin iştirakı ilə səhnələşdirilmiş konsert-tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu-rejissoru gənc rejissor Tamilla Aslanova "Uğur və eşq"in onun sərbəst hazırladığı ilk böyük iş olduğunu xüsusi şəkildə vurğulayıb. "Burada iki gəncin həyat yolundan - sevgisindən, bu sevgi uğrundakı fədakarlıqlarından, xoşbəxt bir ailəyə sahib olmalarından bəhs olunur. Həm Gültac, həm də Hüseyn çox böyük istedada malik gənclərimizdəndirlər. Çalışmışıq ki, ortaya gözəl bir iş qoymaqla Musiqili Teatrın rəhbərliyinin bizə göstərdiyi etimadı doğruldaq. İnanıram ki, hazırladığımız konsert proqramı maraqla qarşılanacaq", - deyə Tamilla Aslanova bildirib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...