"Kitabi-Dədə Qorqud" abidəsinin alman şərqşünas alimi Haynrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Respublikasının Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşavirliyinin rəhbərliyi və Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə 2015-ci ildə keçirilən tədbirlərin hesabat xarakterli konfransı öz işinə başlayıb.
Dünən konfransdan əvvəl ilə BSU-da "Dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da ölkəmizdə səfərdə olan xarici elm adamları - türkoloqlar, qorqudşünaslar, BSU-nun tələbələri iştirak ediblər.
Tədbirin moderatoru, Azərbaycan Müqayisəli Ədəbiyyat Assosasiyasının sədri, professor Rəhilə Qeybullayeva xarici qonaqları tələbələrə tədim edərək, bildirib ki, "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində həyata keçirilən layihələrə dünyanın tanınmış elm adamları böyük töhfələr veriblər: "1815-ci ildən bu günə qədər müxtəlif alimlər tərəfindən "Kitabi-Dədə Qorqud" dastanının təbliğatı və təşviqatı ilə bağlı böyük işlər görülüb. Onun nəticəsidir ki, Azərbaycan xalqının mənəviyyat eposu olan bu dastan multikultural dəyərlərimizi dünyada geniş təbliğ edə bilir".
İzmir Ege Universitetinin professoru Fikrət Türkmən "Kitabi-Dədə Qorqud" dastanının türk dünyasının şifahi xalq yaradıcılığında tutduğu əvəzsiz rolundan danışaraq bildirib ki, dastanda hələ elm aləminə məlum olmayan söz və deyimlər ətrafında araşdırmalar aparılır: "Hər yeni kəşf insana möcüzə təsiri bağışlayır. Düşünürsən ki, belə tarixi olan, zəngin adət-ənənəyə malik toplum necə də möhtəşəmdir. Biz alimlər dastanın nəinki hər boyu, hər sətiri ətrafında diqqətli araşdırmalar apararaq Türk xalqının nə qədər zəngin düşüncə tərzinə malik olduğunu göstərməliyik".
Marmara Universitetinin professoru Mustafa Kaçalin çıxışında Prezident İlham Əliyevin dastanın 200 illiyi ilə bağlı imzaladığı Sərəncamı yüksək qiymətləndirərək vurğulayıb ki, bu addım xalqın milli-mənəvi dəyərlərinin dövlət siyasətinin əsasında dayandığının göstəricisidir: "Mən "Kitabi-Dədə Qorqud" irsinin təbliğatı ilə bağlı qardaş ölkədə keçirilən silsilə tədbirlərin bir neçəsinə qatılmışam. Tədbirlərdə səslənən fikirləri, həmkarlarımla görüşləri, gördüyümüz işləri tez-tez xatırlayıram. Düşünürəm ki, bir toplumu dünyada ayaqda saxlayan əsas dayaq onun mədəniyyətidir. "Kitabi-Dədə Qorqud" dastanını oxuyanlar türk toplumunun böyük mədəniyyətə malik olduğunu aşkarca görürlər. Ona görə də biz dastanla bağlı layihələrimizi dayandırmamalıyıq. Türk xalqı üçün hər il "Dədə Qorqud" ili olmalıdır".
Tbilisi Dövlət Universitetinin professoru David Qotsiridze "Kitabi-Dədə Qorqud"un özəlliyinə diqqət çəkərək, dastanın bütün dünya xalqlarına nümunə olduğunu deyib: "Əxlaq dəyərləri, milli mənəviyyata söykənən həyat tərzi, ərazinin və əhalinin idarə olunması bütün toplumlar üçün əxz ediləsi vacib şərtlərdir. "Kitabi-Dədə Qorqud" dastanında əksini tapan türk toplumunun həyat tərzi bu mənada başqa xalqlar tərəfindən mütləq dərindən öyrənilməlidir". Almaniyanın Maynz Univeristetinin professoru Hendrik Bushoten isə həmvətəni olan Haynrix Fridrix fon Ditsin əməyinə, türkoloq alimin ruhuna Azərbaycanda göstərilən hörmətə görə, başda Cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarlığını ifadə etdi. Türkiyənin Koç Universitetinin professoru, italyalı alim Fabio Salomoni Homerin əsərləri ilə "Kitabi Dədə Qorqud" dastanını müqayisə edib Homeri oxuyandan sonra gözlərinin qarşısında Qərb ənənələrinin canlandırdığını diqqətə çəkdi.
Dəyirmi masada çıxış edən Moskva Dövlət Linqvistik Universitetinin professoru Aleksandr Petroviç Bondarev müxtəlif ölkələrdə beynəlxalq tədbirlərin iştirakçısı olduğunu xatırladaraq, Azərbaycana gələndə rahat olduğunu, isti mühitə düşdüyünü vurğulayaraq Azərbaycan xalqının soykökünü dərindən tanıyan və onunla fəxr edən xalqlardan olduğunu bildirdi. Bu xüsusiyyətin azərbaycanlılara hörmət gətirdiyini bildirərək rus xalqı ilə Azərbaycan xalqını bir-birinə bağlayan tarixi köklərə də nəzər saldı.
Rusiyada fəaliyyət göstərən "Xudojestvennaya literatura" nəşriyyatının direktoru, akademik Pyaxin Georgi Vladimiroviç dastanların xalq ruhunu ifadə etdiyi üçün əbədi olduğunu diqqətə çəkərək dastanların xalqlara dost olmağı öyrətdiyini, mədəniyyət təbliğatçısı olması ilə millətləri insanlıq işığı ətrafında birləşdirdiyini vurğuladı.
Xatırladaq ki, alman şərqşünası Fridrix fon Dits 1815-ci ildə ilk dəfə "Kitabi-Dədə Qorqud" dastanı aşkara çıxararaq "Basatın Təpəgözü öldürdüyü boy"u alman dilinə çevirib geniş "Müqəddimə" ilə dünya elminə təqdim edib. Bu əsər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən olduğu kimi 25 dilə çevrilərək nəşr olunub.
Kitab dəyirmi masada qonaqlara hədiyyə edildi.
Zümrüd BAYRAMOVA
Bütün Polşa onun haqqında danışır...