Binə Atçılıq Mərkəzinin örtülü manejində milli çövkən oyunu üzrə Prezident Kubokunun X yarışının qalibləri müəyyən edilib. Yarış Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşəbbüsü ilə keçirilib.
Final yarışından əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev çıxış ediblər.
Çıxışında nazir Əbülfəs Qarayev bildirib ki, Prezident Kuboku yarışlarının keçirilməsi ənənəyə çevrilib: "Yarışların əsas məqsədi Azərbaycan xalqının mədəni irsinin qorunub saxlanması, milli çövkən oyununun inkişafı üzrə dövlət siyasətini dəstəkləmək, ən güclü idmançıları və komandaları üzə çıxarmaqdır. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına daim diqqət və lazımi köməkliyini vurğulayıb: "Azərbaycan təkcə beynəlxalq idman tədbirlərində iştirak etmir, həm də bu cür tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilir. Bu isə ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır".
Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev çıxışında qeyd edib ki, ölkənin müxtəlif regionlarından bu cür yarışlarda iştirak edən komandaların sayı ildən-ilə artır: "Bu, atçılıq idman növünün uğurlu inkişafının və bu sahəyə Azərbaycanda maraq səviyyəsinin artmasının göstəricisidir. Bu ilin sentyabr ayında Bakıda polo üzrə ilk Avropa çempionatı keçirilib. Komandamız çempionatda qələbə qazanıb. Atçılıq idmanının müxtəlif növləri üzrə müntəzəm keçirilən yarışların məqsədlərindən biri Qarabağ cins atlarının qorunub saxlanması və çoxaldılmasına, habelə atçılıq idman növünə və milli atçılığın inkişafına kömək göstərməkdir".
Final turnirində əvvəlcə üçüncü yer uğrunda mübarizə aparan "Ağstafa" və "Polad" komandaları qarşılaşıblar. "Polad" komandası birinci taymda yeganə qolu vurmaqla rəqibinə qalib gəlib.
Finalda "Sərhədçi" və "Ağcabədi" komandaları yarışıblar. Oyun "Sərhədçi"nin xeyrinə 7:00 (birinci taymda 4, ikinci taymda 3 qol vurulub) hesabı ilə başa çatıb.
Sonra mükafatlandırma mərasimi keçirilib. Bütün iştirakçılara fəxri diplomlar, medallar və pul mükafatları verilib. "Sərhədçi" komandası turnirin əsas mükafatı olan Prezident Kubokuna sahib olub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...