"Lahıc misgərlik sənəti"nin UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi və 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri iki hadisəyə həsr etdiklərini söyləyib: "Bunlardan biri "Lahıc misgərlik sənəti"nin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi ilə bağlıdır. Bu il noyabrın 30-da Namibiya respublikasının paytaxtı Vindhuk şəhərində UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib. Azərbaycan tərəfindən "Lahıc misgərlik sənəti" nominasiyası təqdim olunub və fayl qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi namizədlik faylı kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bununla da tar, muğam, aşıq, kəlağayı sənəti və digər mədəniyyət nümunələrilə bərabər "Lahıc misgərlik sənəti" də bəşəriyyətin məxsus olub".
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-dakı fəaliyyəti nəticəsində buna nail olunub.
Misgərlik sənətinin vətəni olan Lahıcla bağlı video çarx nümayiş edildikdən sonra BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun loqotipinin və internet səhifəsinin təqdimatı olub.
Tədbir konsert proqramı ilə davam etdirilib.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...