PDF Oxu

Mədəniyyət

  • 1 494

Milli baletimizin ilk nümunəsi

Milli baletimizin ilk nümunəsi

Yanvarın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ə.Bədəlbəylinin "Qız Qalası" baletinin tamaşası keçiriləcəkdir. Milli balet sənətimizin ilk nümunəsi olan bu balet uzun illərdir ki, teatrın repertuarındadır və hər zaman baletsevərlər tərəfindən maraqla qarşılanır və anşlaqla baş tutur.

Şənbə günü keçiriləcək tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Nigar İbrahimova (Gülyanaq) və aparıcı solist Makar Ferştandt çıxış edəcək.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəforov idarə edəcəkdir.

"Sevil" operası

Yanvarın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında SSRİ xalq artisti, bəstəkar Fikrət Əmirovun "Sevil" operasının tamaşası keçiriləcək.

C.Cabbarlının eyniadlı pyesinin motivləri əsasında yazılmış bu opera tamaşasında milli vokal sənətimizin bir sıra görkəmli nümayəndələri - Rəşid Behbudov, Azər Zeynalov, Xuraman Qasımova, Şahlar Quliyev və b. əsas rollarda çıxış etmişlər. Hazırda onları istedadlı gənc opera sənətçiləri əvəz etmişlər. Yanvarın 10-da baş tutacaq tamaşada əsas partiyaları - Sevil və Balaşı ilk dəfə olaraq əməkdar artistlər İlahə Əfəndiyeva və Fərid Əliyev ifa edəcəklər. Tamaşada, həmçinin əməkdar artistlər Səbinə Əsədova (Gülüş), Gülnaz İsmayılova (Dilbər), Cahangir Qurbanov (Atakişi) və başqaları iştirak edəcəklər.

Qeyd edək ki, tamaşanı Dirijorların Beynəlxalq Müsabiqələrinin və "Humay" Milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

"Bogema" operası Azərbaycan, Belarus və ukraynalı opera sənətçilərinin ifasında

Yanvarın 16-da Azərbaycan Dövlət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Boqema" operasının tamaşası keçiriləcək. Tamaşada azərbaycanlı vokalçılarla yanaşı, onların Ukrayna və Belarusdan olan həmkarları da iştirak edəcəklər. Belə ki, Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər bir belaruslu vokalçı Eduard Martınyuk ifa edəcəklər.

Tamaşada Azərbaycanın opera sənətini xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcəklər.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

ZÜMRÜD

Digər xəbərlər