PDF Oxu

Mədəniyyət

  • 1 669

Azərbaycan təhsili XXI əsrin çağırışlarına cavab verir

Azərbaycan təhsili XXI əsrin çağırışlarına cavab verir

Ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir

İstənilən dövlətin inkişaf səviyyəsini yüksək dəyərli məhsul yarada bilən insan resursları müəyyən edir. Dünya təcrübəsi göstərir ki, məhz yüksək təhsilə sahib olan insanların əməyi nəticəsində buna nail olmaq mümkündür. Əlbəttə ki, bütövlükdə cəmiyyətin tərəqqisi təhsilin keyfiyyəti ilə sıx bağlıdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi bu gün Azərbaycanda da təhsilə dövlət tərəfindən xüsusi önəm verilir. Ulu Öndərin təhsil strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Bu, Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlamasıdır. Dövlət tərəfindən təhsilin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda, Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Prezident Cənab İlham Əliyevin təhsil sahəsinə diqqəti nəticəsində əhəmiyyətli uğurlar əldə edilib və təhsil sisteminin inkişafı baxımından yeni başlanğıcın möhkəm bünövrəsi qoyulub.

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqini tapan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazandı. Təkcə 2014-2015-ci tədris ilində azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq imkanı əldə etdilər. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edildi. Proqram çərçivəsində 2015-2016-cı tədris ilində isə gənclərə dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq imkanı yaradıldı. 2015-2016-cı tədris ili üzrə seçimlərdə uğur qazanmış 373 nəfər Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün xaricə göndərildi. Onlardan 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfər isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazandı.

Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik, beynəlxalq Olimpiada iştirakçıları, müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirmiş 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsilalanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.

Sevindirici haldır ki, ilk dəfə olaraq, 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarə olunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb. Tələbələrə əsasən, Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük verilib. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb.

Göründüyü kimi, təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilən islahatlar və tədbirlər uğurla davam etdirilir.

ÖLKƏMİZDƏ TƏHSİLİN SƏVİYYƏSİ KEYFİYYƏT BAXIMINDAN YENİ BİR MƏRHƏLƏNİ YAŞAYIR

Məlumdur ki, təhsilin yüksəkdilməsi, savadlı, intellektual nəslin yetişdirilməsi üçün təməl orta məktəbdən qoyulur. Dövlət başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təsbit olunan strateji istiqamət və hədəflər Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirmiş oldu. Strategiyada ümumi təhsilin tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə aparılması, istedadlı gənclər üçün xüsusi proqramların hazırlanması nəzərdə tutulur ki, bu da gələcəkdə elmi kadrların hazırlanmasına birbaşa xidmət edir. Həyata keçirilən təhsil strategiyasının nəticəsidir ki, bu gün ölkəmizdə yüksək nəticələrin əldə olunduğu qeyd edilir. Ümumi təhsil müəssisələrinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, tədrisdə dünya standartlarına cavab verən əyani vasitələrdən istifadə prosesi genişləndirilib. Məktəblərə verilmiş "Labdisc" avadanlığı proqram təminatı sayəsində Azərbaycan dilini dəstəkləyir və "Windows"la Android istifadəçiləri tərəfindən asanlıqla istifadə olunur. Bununla yanaşı, fizika, kimya və biologya dərslərində sınaqlar aparmaq üçün mobil araba işlənib hazırlanıb. Azərbaycanın müstəqilliyi dövründə ilk dəfədir ki, ümumi təhsil məktəbləri üçün belə avadanlıqlar alınıb. Təbii ki, son 1 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda yüksək nailiyyət əldə edərək 22 medal qazanması, 2015-2016-cı tədris ili üzrə ümumi təhsil məktəblərinin 15 nəfər məzununun ali məktəblərə qəbul imtahanlarında maksimum - 700 bal toplaması və s. təhsilin uğurudur. Bütün bu uğurlar dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır. Ölkəmizdə iqtisadi, mədəni, sosial sahələrdə aparılan islahatlar Azərbaycan təhsilinə təsirini göstərməkdədir. Yaşadığımız yüzillik "Təhsil və informasiya əsri" elan edildiyindən ölkəmizə təhsilin səviyyəsi keyfiyyət baxımından yeni bir mərhələni yaşayır.

NƏZAKƏT

Digər xəbərlər