15 yanvar tarixindən etibarən Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın-İmre Kalmanın "Silva" operettasının məşqlərinə start veriləcək. Dünyada məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır və məhz bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.
Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanacaq yeni tamaşanın quruluşçu-rejissoru əməkdar artist Boris Lukinski, quruluşçu-drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada rolları xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov, əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Tural Ağasıyev, Yuliya Heydərova, Firuz Məmmədov, Aydan Həsənova, Rauf Babayev, Marina Litvinenko, Emil Heydərov, Elçin İmanov və Nicat Həbibov ifa edirlər.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...