PDF Oxu

Mədəniyyət

  • 3 035

Nizami Kino Mərkəzinin ekranında üç yeni Amerika filmi

Nizami Kino Mərkəzinin ekranında üç yeni Amerika filmi

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan "Sağ qalmış", "Çirkin səkkizlik" və "Salam, ata, Yeni li" adlı filmlərin nümayişinə başlanıb.

Mərkəzdən qəzetimizə verilən məlumata görə, "Sağ qalmış" filmini Mark L.Smitin ssenarisi əsasında rejissor Alexandro Qonsales İnyarritu, triller, vestern, macəra və dram janrında çəkib. Amerika Vəhşi Qərbinin kəşf edilməmiş açıqlıqlarında ağır yaralanan ovçu Hyu Qlass yeni torpaqların tədqiqi ilə məşğul olan dostu Con Fitscerald tərəfindən satqıncasına atılaraq ölümə məhkum olur. Bu, vəziyyətdə Qlassın yeganə silahı-iradəsidir. O, vəhşi təbiətə, sərt qış şəraitinə və düşmənçilik edən hindu qəbilələrinə meydan oxuyub, sağ qalmaq və xain Fitsceralddan qısas almaq niyyətindədir.

Filmdəki rollara Leonardo Di Kaprio, Tom Xardi, Donal Qlison, Uill Poulter, Forrest Qudluk, Pol Anderson və başqa aktyorlar çəkilib.

Triller, dram, komediya, detektiv və vestern janrında çəkilmiş "Çirkin səkkizlik" filminin rejissoru və ssenari müəllifi Kventin Tarantinodur. Əfsanəvi cinayətkar qənimi Con Rut qadın məhbusu müşayət edir. Yolda onlara bir ovçu da qoşulur. Tufanlı qar havası onları yaxında yerləşən dükanda sığınacaq tapmağa məcbur edir. Artıq ora müxtəlif amallara qulluq edən dəstə yığışıb: general, şerif, meksikalı, fransız və kovboy.

Yalnız dəstədən biri həqiqətdə kim olduğunu gizlədir.

Filmdə, baş rolları Kurt Rassel, Semuel L.Cekson, Tim Rot, Maykl Medsen, Cennifer Ceyson Li, Uolton Qoqqins, Demian Bişir, Bryus Dern, Ceyms Parks, Dena Qurye və başqa aktyorlar canlandırıblar.

"Salam,ata,Yeni il" komediyasını rejissor Şon Anders lentə alıb.

Ailəli olan keçmiş arvadının yanına qayıdan iki uşaq atası, uşaqlarının diqqət və sevgisini qazanmaq üçün atalıqla rəqabətə girir.

Filmdə Uill Ferrell, Mark Uolberq, Linda Kardellini, Tomas Xeyden Çerç, Skarlet Estevez, Ouen Vakkaro, Bobbi Kannavale və başqa aktyorlar çəkilib.

ZÜMRÜD

Digər xəbərlər