Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspor təşkilatı Daşkənddə 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirib.
Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə verilən məlumata istinadən, tədbirdə Azərbaycan səfirliyinin, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvar faciəsindən bəhs edən fotostend, faciə ilə bağlı uşaqların əl işləri və kitab sərgisinə baxmış, onlara faciə ilə bağlı məlumatlar toplusu paylanıb.
Tədbirdə Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 20 Yanvar faciəsi haqqında məlumat vermiş, bu faciəni Azərbaycan xalqının qəhrəmanlıq və qürur salnaməsi adlandırıb. Qeyd edib ki, Azərbaycan xalqının torpaqlarını mənimsəyən ermənilərə, sovet ailəsində üzləşdiyi ədalətsizliyə etirazını bildirib və etirazçılar sovet qoşunları tərəfindən vəhçicəsinə qətliama məruz qalmişdır.
Özbəkistandakı Azərbaycan diaspora təşkilatının rəhbəri Mobil Məmmədov öz çıxışında 20 Yanvarın Azərbaycan xalqı üçün həm ağır, faciəli, həm də şərəfli bir tarix olduğunu qeyd etmiş, Özbəkistanda yaşayan 50 minə yaxın azərbaycanlının bu hadisələri unutmayacağını bildirib. hadisələrin xalqın yaddaşında əbədi qalacağını və Özbəkistanın Beynəlmiləl Respublika Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbəri, şair, tərcüməçi Nəsrəddin Məhəmmədiyev imperiya qoşunlarının Bakıda törətdikləri qanlı qırğınların təşkilatçılarını və icraçılarını lənətləyib.
O, Azərbaycan xalqının dərdinə şərik olduqlarını və məhz şəhidlərin qanları ilə millətlərin öz istiqlaliyyətinə qovuşduğunu qeyd edib.
Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili kurslarının uşaqları 20 Yanvar faciəsinə həsr edilmiş bədii kompozisiya ilə çıxış etmiş və faciənin dəhşətlərini özündə əks etdirən sənədli film nümayiş olunub.
Anım mərasimində Özbəkistanın Xalq Çalğı Alətləri Orkestrinin 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsinə həsr etdiyi konsert-rekviem iştirakçılara təqdim olunmuş, bir sıra özbək əsərləri ifa olunub.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...