Sərgi martın 20-dək davam edəcək
Rusiya Federasiyasının Dövlət Tretyakov Qalereyasında Azərbaycanın, Rusiyanın və SSRİ-nin xalq rəssamı, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun "Tahir Salahov. Günəş zirvəsi" adlı sərgisinin təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Muzey İşi və Mədəniyyət Sərvətlərinə Nəzarət sektorunun müdiri Azadə Hüseynova və Təsviri və Dekorativ Sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və muzeyin baş mühafizi Nailə Rəhimova iştirak edib.
Tretyakov Qalereyasının konfrans zalında keçirilən açılış mərasimində çıxış edən qalereyanın direktoru Zelfira Trequlova Tahir Salahovun həyat və yaradıcılığı barədə danışıb. Dünya şöhrətli rəssamın yaradıcılığına Rusiyada da böyük maraq olduğunu vurğulayan Z.Trequlova sərgidə nümayiş etdirilən əsərlərin tamaşaçılara yüksək zövq aşılayacağına əminliyini ifadə edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan və Rusiya xalqlarının fəxri olan Tahir Salahovu böyük ustad adlandırıb. Bildirib ki, Tahir Salahov Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən bir şəxsiyyətdir və onun yaratdığı bütün əsərlər tarixə çevrilir.
Digər çıxış edənlər də bu sərgini Azərbaycan və Rusiya mədəniyyəti üçün tarixi hadisə adlandırıblar. Qeyd olunub ki, Tretyakov Sərgi Salonunda ilk dəfədir ki, Azərbaycan rəssamının fərdi sərgisi açılır və bu sərgi bir daha görkəmli fırça ustası Tahir Salahov yaradıcılığının akademik səviyyəsindən xəbər verir.
Dünyanın mədəniyyət mərkəzlərindən biri olan Moskvanın məşhur Tretyakov Qalereyasında dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahovun fərdi sərgisinin açılması əsl hadisəyə çevrilib. Azərbaycan mədəniyyətini dünyada ən yüksək səviyyədə təmsil edən xalq rəssamı Tahir Salahov bu sərgisi ilə xalqımızın yüksək mədəni dəyərlərini bir daha rusiyalı tamaşaçıların diqqətinə çatdırır. Sərgidə Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də rəssamın Bakıdakı ev-muzeyinin ekspozisiyalarında və şəxsi kolleksiyalarda yer alan "Qara Qarayev", "Aydan", "Qırmızı istiotlarla natürmort", "Xəzərdə səhər" və sair əsərləri nümayiş olunur.
Tretyakov Qalereyasının 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.
ZÜMRÜD
Bütün Polşa onun haqqında danışır...