PDF Oxu

Mədəniyyət

  • 1 356

Mədəniyyət və turizm naziri Siyəzəndə vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Siyəzəndə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 28-də Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Siyəzən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından vətəndaşları qəbul edib.

Görüşdən öncə nazir mərkəzin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

Siyəzən rayonundan qəbula yazılan vətəndaşlar rayon Mərkəzi Kitabxanasının müasir Azərbaycan ədəbiyyatına dair nəşrlərlə, Heydər Əliyev Mərkəzinin yeni eksponatlarla təmin olunmasına, "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun rayonlar arasında təcrübə mübadiləsinin aparılmasına, rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlər qarşısında tanınmış incəsənət ustalarının konsertinin təşkilinə, yerli yazarların əsərlərinin nəşrinə köməklik göstərilməsini xahiş ediblər. Quba rayonundan qəbula gələnlərin müraciətləri rayon incəsənət məktəbinin Azərbaycan bəstəkarlarının əsərlərinə aid dərs vəsaitləri ilə təminatı, turizmlə bağlı təşəbbüslərin dəstəklənməsi, mərkəzi kitabxanaya tanınmış mədəniyyət və maarif xadimi Səkinə Axundzadənin adının verilməsi barədə olub.

Qusar sakinləri tərəfindən Tarix-Diyarşünaslıq Muzeyinin elektron bələdçi ilə təmin olunması, mədəniyyət sahəsində çalışan gənc işçilərin təcrübəsinin artırılmasına dəstək verilməsi, Heydər Əliyev Mərkəzinin fəaliyyəti, işlə təminat və digər məsələlərə dair müraciətlər səslənib.

Şabran sakinləri rayondakı mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı metodiki tövsiyələrin hazırlanması, kütləvi kitabxanalarda ali və orta ixtisas məktəbləri üçün dərsliklərə olan tələbatın ödənilməsi, Pirəbədil Tarix Muzeyinin ekspozisiyasının yenidən qurulması, Pirəbədil kəndinin turizm marşrutuna daxil edilməsi, yeni inşa olunmuş Qala Bayraq Kompleksində Bayraq Muzeyinin yaradılması, Çıraqqala Tarix Qoruğu üçün mühafizə köşklərinin və şlaqbaumların quraşdırılması ilə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib. Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Bu görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflər və təşəbbüslər irəli sürülür.

Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, incəsənət məktəblərinin dərs vəsaitləri ilə təmin olunması ilə bağlı faydalı təkliflərin olduğunu deyib. Regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.

ZÜMRÜD

Digər xəbərlər